"Şəki"nin baş məşqçisi Ceyhun Həsənli: "Əsas liqaya daha güclü şəkildə qayıtmaq istəyirik"

Komanda
  • 06 noyabr, 2026
  • 15:08
Şəkinin baş məşqçisi Ceyhun Həsənli: Əsas liqaya daha güclü şəkildə qayıtmaq istəyirik

"Şəki" kollektivi növbəti mövsüm Azərbaycan Basketbol Liqasına qayıtmağı hədəfləyir.

Bunu "Report"a açıqlamasında adıçəkilən komandaya yeni baş məşqçi təyin olunan Ceyhun Həsənli deyib.

Mütəxəssis təyinatla bağlı klub rəhbərliyinə və federasiyaya təşəkkürünü bildirib:

"Şəki" mənim üçün sadəcə bir komanda deyil, eyni zamanda evimdir. Mən bu torpağın yetirməsiyəm və burada olmaq mənim üçün xüsusi əhəmiyyət daşıyır. Ötən iki mövsüm ərzində baş məşqçimiz Bədrı Meriçdən çox şey öyrəndik. İndi isə onun qoyduğu təməl əsasında işi davam etdirəcəyik. Yeni mövsümdə Şəkidən olan yerli oyunçulara daha çox şans verməyi planlaşdırırıq. Reqlamentə əsasən, komandada bir əcnəbi basketbolçu yer alacaq. Bununla yanaşı, Gəncə komandasında çıxış edən bəzi oyunçular da heyətə qoşulacaqlar".

C.Həsənli qarşıdakı hədəfləri barədə söz açıb:

"Əsas hədəfimiz Azərbaycan Basketbol Liqası 2-də də ön sıralarda qərarlaşmaq və növbəti mövsüm əsas liqaya daha güclü şəkildə qayıtmaqdır. Komandaya inanıram. Ümid edirəm ki, bizi uğurlu, maraqlı və yaddaqalan bir mövsüm gözləyir".

Qeyd edək ki, Azərbaycan Basketbol Liqası 2-də yeni mövsüm noyabrın sonlarında başlayacaq.