Karoli Matrai: “Azərbaycanda günəş enerjisinə investisiyalar əməkdaşlığın yeni mərhələsi ola bilər” - MÜSAHİBƏ

Karoli Matrai: “Azərbaycanda günəş enerjisinə investisiyalar əməkdaşlığın yeni mərhələsi ola bilər” - MÜSAHİBƏ Macarıstanın
Energetika
7 aprel 2025 14:07
Karoli Matrai: “Azərbaycanda günəş enerjisinə investisiyalar əməkdaşlığın yeni mərhələsi ola bilər” - MÜSAHİBƏ

Macarıstanın “MVM Group” dövlət enerji şirkəti son illərdə beynəlxalq arenada, o cümlədən Azərbaycanın strateji enerji layihələrində iştirakını fəal şəkildə genişləndirir. Mühüm addımlardan biri "Şahdəniz" qaz layihəsində 5 % payın alınması olub - bu, şirkət tarixində ən böyük xarici investisiyadır. Şirkətin baş direktoru Karoli Matrai “Report”a müsahibəsində Azərbaycanda biznesin inkişaf perspektivləri, günəş enerjisinə maraq və MVM-in strateji planları barədə danışıb.

Müsahibəni oxuculara təqdim edirik:

- Şirkətiniz "Şahdəniz" yatağının işlənməsi layihəsində 5 % iştirak payı əldə edib. İnvestisiyanın həcmi nə qədər olub?

- Bu, həqiqətən çox böyük investisiyadır. Dəqiq məbləği söyləyə bilmərəm, lakin bu, MVM tarixində ən böyük xarici sövdələşmədir. Söhbət böyük həcmdə vəsaitdən gedir.

- Bu sövdələşmə üçün hansı maliyyə mənbələrindən istifadə olunub? Bu, şirkətin öz vəsaiti olub, yoxsa hökumət tərəfindən dəstək göstərilib?

- Bu, Azərbaycan iqtisadiyyatına sırf Macarıstanın investisiyasıdır. Bizim öz maliyyə balansımız belə bir sövdələşməni həyata keçirmək üçün kifayət qədər dayanıqlı idi. Bundan əlavə, təxminən bir il əvvəl biz istiqrazlar buraxdıq və beynəlxalq investorlardan kapital cəlb etdik. Məhz bu iki mənbə - öz resurslarımız və istiqraz hesabına borclanma maliyyələşdirmənin əsasını təşkil edib.

- "Şahdəniz"də iştirak şirkətin qaz hasilatı göstəricilərinə necə təsir göstərib?

- Bu, bizim üçün keyfiyyət sıçrayışıdır. Macarıstanda biz ildə təxminən 100 milyon kubmetr qaz hasil edirik. "Şahdəniz" ildə 30 milyard kubmetrə qədər istehsal edə bilər və bizim malik olduğumuz 5 % pay təxminən 1,5 milyard kubmetrə bərabərdir. Bu, MVM üçün tamamilə fərqli miqyasdır.

- "Şahdəniz" layihəsi üzrə əlavə proqnozlarınız varmı?

- Burada yalnız layihənin operatoru olan BP şirkətinin təqdim etdiyi rəsmi məlumatı təkrarlaya bilərəm. Cari il üçün proqnoz 27 milyard kubmetrdir. Ümid edirik ki, bu həcmlərə nail olunacaq.

- Azərbaycanda digər qaz layihələrində iştirak etməyi planlaşdırırsınızmı?

- Hazırda konkret layihələrimiz yoxdur, lakin yeni imkanlara açığıq. İndi diqqətimiz bərpa olunan enerji istiqamətinə yönəlib. Azərbaycanda günəş elektrik stansiyalarına mümkün investisiyalarla bağlı danışıqlara başlamışıq - bu, bizim növbəti addımımız ola bilər. Gələcəkdə "upstream" layihələrinə əlavə investisiyaları da istisna etmirik.

- Azərbaycanda MVM-in biznesinin inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?

- Buradakı mövcudluğumuzdan çox məmnunuq. Azərbaycanda əlverişli biznes mühiti mövcuddur. Macarıstanı təmsil etdiyimizi söylədikdə, hər yerdə bizi təbəssümlə qarşılayırlar, bu, biznesi rahat və zövqlü edir. Mən demək olar ki, hər iki aydan bir Bakıya gəlirəm və həmişə qayıtmağa şadam - burada çoxlu dostlarımız var və Azərbaycan iqtisadiyyatının inkişafını görmək həqiqətən ilhamvericidir.

Son xəbərlər

Orphus sistemi