Kulevi terminalında aparılan bütün əsaslı işlər “SOCAR Midstream Operations” şirkətinə həvalə olunub.
“Report” xəbər verir ki, bunu terminalın baş direktoru İlqar Əlizadə Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya neft ticarəti və nəqliyyatı Forumu”nda bildirib.
“Kulevi terminalı 2008-ci ildə inşa olunub və bu gün Gürcüstandakı limanlar arasında texnoloji baxımdan ən inkişaf etmiş dəniz terminalıdır. O, Batumi və Poti limanlarının birlikdə aşırdığı yüklərdən daha çox həcmi emal edir. Söhbət neft məhsullarından gedir. Son illər Gürcüstan vasitəsilə daşınan yüklərin və tranzitin davamlı artımını müşahidə edirik”, - deyə İ.Əlizadə qeyd edib.
Onun sözlərinə görə, terminalın hazırkı rezervuar parkının tutumu 407 min kubmetrdir:
“Hazırda rezervuar parkının genişləndirilməsi prosesi gedir. Paralel olaraq biz eyni anda 208 vaqonu boşalda bilirik və terminalda 6 estakada fəaliyyət göstərir. Kulevi terminalının yaxınlığında - cəmi 3 kilometr məsafədə Gürcüstanın ilk neft emalı zavodu inşa olunur. Zavodun ilkin mərhələdə illik istehsal gücü 1,1 milyon ton, yəni ayda təxminən 100 min ton olacaq. 2026-2027-ci illərdə isə ikinci mərhələ başlayacaq və zavodun illik istehsal gücü 3,5 milyon tona çatacaq.
Kulevi terminalı olaraq biz bu zavoda daxil olan və oradan ixrac ediləcək bütün yükləri qəbul edəcəyik. Biz həmin zavodun eksklüziv tərəfdaşıyıq və onun fasiləsiz fəaliyyətini təmin etmək üçün çalışacağıq”.
Baş direktor əlavə edib ki, terminalda aparılan genişləndirmə işləri çərçivəsində hər biri 20 min kubmetr olan dörd yeni rezervuarın tikintisi nəzərdə tutulur: "Bu işlərin nəticəsində ümumi rezervuar tutumu 487 min kubmetrə çatacaq".