ICGB Avropa Qaz Ötürmə Sistemləri Operatorları Şəbəkəsinə üzv olub
- 03 noyabr, 2022
- 10:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Yunanıstan-Bolqarıstan interkonnektorunun kommersiya istismarına cavabdeh olan ICGB layihə şirkəti Avropa Qaz Nəqli Sistemləri Operatorlarının vahid platformasına (ENTSOG) üzv olub.
Bu barədə "Report"a şirkətdən məlumat verilib.
Qaz Nəqli Sistemləri Operatorlarının Avropa Şəbəkəsinin rolu Avropa İttifaqının (Aİ) enerji və iqlim məqsədlərinə uyğun olaraq ümumavropa qaz nəqli sisteminin inkişafını təmin etmək üçün Avropada milli qaz ötürmə sistemi operatorları (TSO) arasında əməkdaşlığı təşviq etmək və təkmilləşdirməkdən ibarətdir.
Xatırladaq ki, Yunanıstan-Bolqarıstan qaz kəməri oktyabrın əvvəlində kommersiya istismarına verilib. IGB Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü ilə bağlı “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Boru xəttinin illik ötürmə gücünün 3-5 milyard kubmetr təşkil edəcəyi gözlənilir. Beləliklə, Azərbaycan təbii qazı Bolqarıstanın tələbatının 25-30 faizini ödəyəcək.
Ümumi uzunluğu 182 kilometr olan boru xəttinin 150 kilometri Bolqarıstan ərazisindən keçir.