Gələn il “Şahdəniz”dən qaz hasilatı artacaq
- 08 dekabr, 2023
- 08:00
2024-cü ildə Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından 26,1 milyard kubmetr qazın hasil ediləcəyi proqnozlaşdırılır.
“Report”un məlumatına görə, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2024-ci il üzrə büdcəsinə verdiyi rəydə deyilir.
Məlumata görə, bu, 2023-cü ilin proqnozu ilə müqayisədə 0,8 milyard kubmetr və ya 3,16 % çoxdur.
2022-ci ilin faktiki göstəricisi ilə müqayisədə isə 2,1 milyard kubmetr barel və ya 8,75 % çoxdur.
Gələn il “Şahdəniz” yatağından 33,8 milyon barel kondensatın hasil edilməsi gözlənilir ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 0,2 milyon barel azdır.
2022-ci ilin faktiki göstəricisi ilə müqayisədə isə eynidir.
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.
“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (21,02 %).