Fransada tətillər EDF-ə 1 milyard avroya başa gəlib

Energetika
  • 14 aprel, 2023
  • 11:58
Fransada tətillər EDF-ə 1 milyard avroya başa gəlib

Fransanın EDF energetika şirkəti nüvə və su elektrik stansiyalarında keçirilmiş tətillər səbəbindən əldə olunmamış gəlir qismində 1 milyard avro itirib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Ölkədə pensiya islahatlarına qarşı kütləvi tətillər nüvə reaktorlarına texniki xidmətin və təmirin pozulmasına səbəb olub. Nəticədə reaktorlara texniki xidmət qrafiki 18-24 ay geri çəkilə bilər.

Qeyd edək ki, keçən il EDF rəhbərliyi Avropa İttifaqında (Aİ) kəskinləşən enerji böhranı fonunda şirkətin reaktorlarının demək olar yarısını müvəqqəti təmirə bağlayıb. Çatışmayan enerji miqdarının məcburi qaydada alınması isə elektrik enerjisinin qiymətinin rekord həddə çatmasına səbəb olub. Məqalədə qeyd olunur ki, nəticədə konsern 17,94 milyard avro ziyana düşüb.

Bundan əlavə, EDF bu il yeni işçilərin işə götürülməsi ilə bağlı planlarını korrektə etməli olub. 2023-cü ildə şirkət 3-3,5 min işçini işə götürməyi planlaşdırırdısa, yuxarıda göstərilən problemlər fonunda bu rəqəm, çox güman, azaldılacaq.