Avropa İttifaqı (Aİ) Mərkəzi Asiya ölkələri ilə yalnız hasilat sahəsində deyil, həm də kritik xammalın yerli emalı və sənaye potensialının inkişafında tərəfdaş olmağa hazırdır.
“Report”un Səmərqəndə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen “Mərkəzi Asiya - Avropa İttifaqı” sammitində bildirib.
O vurğulayıb ki, Aİ-nin yanaşması digər maraqlı tərəflərdən fərqlənir: “Bəziləri sadəcə xammalın istismarı və çıxarılmasına fokuslanır. Avropa isə fərqli bir yol təklif edir – biz yerli sənayenin inkişafında sizinlə tərəfdaş olmağı hədəfləyirik”.
Fon der Lyayenin sözlərinə görə, region ölkələri dünya üzrə manqan ehtiyatlarının 40 %-nə, həmçinin litium və qrafit kimi digər strateji materiallara malikdir: “Bu resurslar gələcəyin dünya iqtisadiyyatının əsasını təşkil edir və qlobal oyunçuların da marağını cəlb edir”.
Avropa Komissiyasının prezidenti qeyd edib ki, xammalın dəyər zənciri boyunca birgə yerli sənaye sahələri qurula bilər.
Avropa şirkətlərinin artıq Özbəkistanın Daşkənd vilayətində mis yatağının işlənməsində iştirak etdiyini xatırladan Fon der Lyayen bildirib ki, bu layihəyə 1,6 milyard avro investisiya yatırılıb.
O vurğulayıb ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) Mərkəzi Asiya və Avropa ölkələri arasında əlaqələrin genişlənməsinə kömək edəcək: "Getdikcə parçalanan dünyada, Orta Dəhliz Mərkəzi Asiyanın beş ölkəsi ilə Avropa arasında əlaqələrin genişlənməsinə kömək edəcək".
Fon der Lyayen qeyd edib ki, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində maneəsiz sərhəd keçidi Qara dənizə çıxış üçün də vacibdir və Cənubi Qafqazdakı siyasi vəziyyət buna kömək edir: "Ermənistanın Türkiyə və Azərbaycanla sərhədlərinin açılması dönüş nöqtəsi olacaq, Avropa və Mərkəzi Asiyanı daha da yaxınlaşdıracaq".