ABŞ-ın ən iri neft şirkətlərindən olan “ExxonMobil”in Azərbaycanda uzunmüddətli enerji tərəfdaşlığının inkişafı üçün yeni imkanları müzakirə olunub.
"Report" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
“ExxonMobil” şirkətinin vitse-prezidenti John Ardill ilə səmərəli görüşümüz oldu. Uzunmüddətli enerji tərəfdaşlığımızın inkişafı üçün yeni imkanları dəyərləndirdik. Şirkətin qabaqcıl təcrübəsi, beynəlxalq əhəmiyyətli layihələri və Azərbaycanın enerji istehsalı və ixracında müxtəlifliyə əsaslanan siyasəti ilə bağlı fikir mübadiləsi apardıq", - nazir qeyd edib.
Energetika Nazirliyinin məlumatına görə, görüşdə şirkətlə “Azəri-Çıraq-Günəşli” (AÇG) və Bakı-Tbilisi-Ceyhan (BTC) layihələri üzrə uzunmüddətli əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib. Yeni əməkdaşlıq imkanları, həmçinin şirkətin qlobal təcrübəsi və planları ilə bağlı məsələlər nəzərdən keçirilib.
J.Ardill metan emissiyalarının, əməliyyat xərclərinin azaldılması, hasilatın artırılmasını təmin edən müasir texnologiyaların tətbiqi ilə həyata keçirilən layihələr, eləcə də karbohidrogen sektorunda enerji təchizatının elektrikləşdirilməsi və hidrogenin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.
P. Şahbazov isə Azərbaycanın enerji balansında neft, qaz, bərpa olunan enerjinin yer almasını təşviq edən enerji siyasəti, müxtəlif marşrutları əhatə edən “yaşıl enerji dəhliz”ləri və bərpa olunan enerjinin elektrik enerjisinin istehsal gücündə 2030-cu ildə 35,5 %-ə çatdırmağı hədəfləyən layihələrindən bəhs edib. Bildirilib ki, Xəzər dənizinin Azərbaycan seqmentindəki külək enerjisi potensialı Avropa ölkələrinin enerji ehtiyaclarını qarşılamaq üçün alternativ bir mənbə kimi təklif olunur. Bərpa olunan enerjinin daha da inkişaf etdirilməsi məqsədilə batareya sistemləri və saxlama texnologiyalarına diqqət yetirilir. Həmçinin hidroakkumulyasiya sistemləri üzərində işlər aparılır.
Söhbət zamanı müasir enerji reallıqları və enerji təhlükəsizliyi ilə bağlı qlobal çağırışlar barədə də fikir mübadiləsi aparılıb.

