Norveçin "Equinor Shah Deniz AS" və "Equinor Azerbaijan AS" enerji şirkətlərinin Azərbaycandakı nümayəndəliyi ləğv olunduqlarını elan ediblər.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti küçəsi, ev 25E ünvanına bildirə bilərlər.
Qeyd edək ki, "Equinor" şirkəti (2018-ci ilədək "Statoil") Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir. Şirkət “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku layihəsi üzrə 2049-cu ilə qədər uzadılmış Hasilatın Pay Bölgüsü Sazişinin (7,27 %) və Bakı-Tbilisi-Ceyhan (8,71 %) neft boru kəmərinin iştirakçısıdır.
30 may 2018-ci il tarixində SOCAR və "Equinor" arasında "Xəzər dənizinin Azərbaycan sektorunda "Qarabağ" neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti" və "Xəzər dənizinin Azərbaycan sektorunda "Əşrəfi-Dan Ulduzu-Aypara" sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü" sazişləri imzalanıb.