Energetika Nazirliyi: Qazaxıstan Bakıda SGC və Yaşıl Enerji Məşvərət şuralarının iclaslarında yüksək səviyyədə iştirak edəcək
- 11 fevral, 2026
- 14:13
Qazaxıstan martın əvvəlində Bakıda keçirilməsi planlaşdırılan Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında yüksək səviyyədə iştirak etməyi planlaşdırır.
Bu barədə "Report"un Qazaxıstan bürosuna Energetika Nazirliyindən məlumat verilib.
"Hazırda Energetika Nazirliyi bu istiqamətdə hazırlıq işləri aparır. Qazaxıstan tərəfinin yüksək səviyyədə - ölkənin energetika naziri və ya nazir müavini səviyyəsində iştirakı nəzərdə tutulur", - qurumdan bildirilib.
Hazırda qeyd olunan tədbirlərin gündəliyi üzrə materialların hazırlanması və razılaşdırılması istiqamətində iş aparılır.
"Nümayəndə heyətinin tərkibi, həmçinin müzakirə olunan məsələlərlə bağlı Qazaxıstanın mövqeyi barədə əlavə məlumat dövlətdaxili razılaşdırma prosedurları başa çatdıqca təqdim ediləcək", - məlumatda bildirilib.