Qlobal istiləşmə və atmosferə atılan karbon emissiyalarının artması bu gün bütün dünyanı narahat edən əsas məsələlərdəndir. İstixana effekti yaradan qazların səbəb olduğu iqlim dəyişmələrinin qarşısının alınması, neqativ təsirlərinin azaldılması üçün dünya ölkələri, beynəlxalq şirkətlər, institutlar, vətəndaş cəmiyyətləri səfərbər olaraq, ciddi addımlar atırlar.
Bəs Azərbaycanın enerji nəhəngi olan Dövlət Neft Şirkətində (SOCAR) istixana qazları emissiyalarının azaldılması istiqamətində hansı işlər həyata keçirilir?
SOCAR öz istehsal fəaliyyəti nəticəsində atmosferə buraxılan istixana effekti yaradan qazların könüllü olaraq azaldılması üçün məqsədyönlü fəaliyyət göstərməkdədir. Bu fəaliyyət həm SOCAR-ın sosial öhdəliyi, həm də beynəlxalq səviyyəli şirkət olaraq ətraf mühit məsələlərinə verdiyi önəmin göstəricisidir.
Neft-qaz əməliyyatları zamanı formalaşan istilik effekti yaradan qazların inventarlaşdırılması üçün BMT-nin İqlim Dəyişmələri üzrə Hökümətlərarası Panelin (Intergovernmental Panel on Climate Change - IPCC) metodoloji sənədlərinə istinad edilməklə, “Stasionar mənbələrdə yandırma prosesində istilik effekti yaradan qazların hesablanması Metodikası” hazırlanıb. Qeyd olunan metodika müvafiq dövlət orqanları və Nazirlər Kabineti ilə razılaşdırılmaqla, SOCAR tərəfindən təsdiq edilib. Bu metodikadan istifadə etməklə, SOCAR-ın birbaşa strukturuna daxil olan müəssisələr, şirkətin iştirak etdiyi layihələr, habelə elektrik enerjisi təchizatı və xidmət sektorunu əhatə etməklə istixana effekti yaradan qazların həcminin hesablanması mümkündür. Hazırda bu metodikanın daha da təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi üzərində iş aparılır.
Bütün dəyər zənciri boyunca metan emissiyaları azaldılır
SOCAR qlobal istiləşmədə əsas rol oynayan metan emissiyalarının azaldılmasını daim diqqətdə saxlayır. Bu istiqamətdə fəaliyyətin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması məqsədilə SOCAR “MGP” təşəbbüsünün üzvüdür. “MGP” hasilatdan istehlaka qədər neft-qaz əməliyyatlarının bütün dəyər zənciri boyunca metan emissiyalarının azaldılması üzrə əsas prioritetləri müəyyən edən qlobal nüfuzlu təsisatdır. Təşəbbüs çərçivəsində üzv şirkətlər tərəfindən metan emissiyalarının azaldılması sahəsində yeni metodologiya və prosedurların hazırlanması, müasir texnologiyaların tətbiqi, emissiyalara dair hesabatvermə, həmçinin bu istiqamətdə əldə olunan qabaqcıl təcrübələrin bölüşülməsi kimi fəaliyyətlər həyata keçirilir. SOCAR illik olaraq “MGP”nin sorğu formalarına uyğun metan emissiyaları haqqında məlumatları təşkilata təqdim edir.
Bundan əlavə, Dövlət Neft Şirkəti BP ilə birlikdə Azərbaycanda qabaqcıl sənaye liderləri kimi “MGP” çərçivəsində Qlobal Metanın Azaldılması (Advancing Global Methane Reduction - AGMR) təşəbbüsünü icra edir. Təşəbbüsün əsas məqsədi BP və SOCAR tərəfindən Azərbaycanda fəaliyyət göstərən neft-qaz operatorları üçün metan emissiyalarının ölçülməsi, azaldılması fəaliyyətlərinin təşviq edilməsi, bu sahədə hesabatlılığın təmin olunması, bilik və bacarıqların təkmilləşdirilməsi, habelə mövcud ən yaxşı texnologiyaların tətbiqini dəstəkləməkdən ibarətdir. Bu təşəbbüs çərçivəsində 15 dekabr 2023-cü il tarixində Bakı Ali Neft Məktəbində açılış konfransı keçirilib. 2024-cü ilin aprel ayında təşəbbüs çərçivəsində xidmət təchizatçılarının nümayəndələri üçün “Neft Daşları” və “Səngəçal” terminalına sahə səfərləri təşkil edilib.
Bu il aprelin 23-də SOCAR-ın Eko-Parkında sözügedən təşəbbüs çərçivəsində SOCAR-ın, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq neft-qaz şirkətlərinin, operator təşkilatların, BMT-nin Ətraf Mühit Proqramının (United Nations Environment Programme - UNEP), Avropa Komissiyasının, "Neft və Qaz İqlim Təşəbbüsü" təşkilatının (Oil and Gas Climate Initiative - OGCI), Beynəlxalq Enerji Agentliyinin (International Energy Agency - IEA), Beynəlxalq Neft və Qaz Hasilatçıları Assosiasiyasının (The International Association of Oil & Gas Producers - IOGP), Dünya Bankının, Ətraf Mühitin Müdafiəsi Fondunun (Environmental Defense Fund - EDF), Alman Aerokosmik Mərkəzinin (DLR), “GHGSat”, “Baker Hughes”, “SLB” kimi şirkətlərin nümayəndələrinin iştirakı ilə növbəti beynəlxalq konfrans keçirilib.
Tədbir zamanı Paris Sazişi və onun müddəalarının icrası, neft-qaz əməliyyatlarının bütün dəyər zəncirində metan emissiyalarının monitorinqi, onların azaldılmasında müasir texnologiyaların rolu, dron və peyk əsaslı texnologiyaların tətbiqi, “OGMP 2.0” və onun hesabatlıq tələbləri, Azərbaycanda metan emissiyalarının azaldılması potensialı və bu sahədə texnoloji həllərin tətbiqi, ən yaxşı beynəlxalq təcrübələrə dair nümunələr habelə “LDAR” layihələrinin icrasına dair təqdimatlar edilib və müzakirələr aparılıb.
Təşəbbüs çərçivəsində bu il iyunun 25-də metan emissiyalarının azaldılması sahəsində tətbiq olunan proqram təminatları, bu sahədə beynəlxalq təcrübələr və qabaqcıl emissiya ölçmələrinə həsr olunmuş növbəti virtual (online) görüş keçirilib. Görüşdə MGP, IOGP, IPIECA, OGDC, IEA, Carbon Limits, Energy Institute kimi beynəlxalq təşkilatların, SOCAR və BP şirkətlərinin, habelə ölkədə həyata keçirilən neft-qaz əməliyyatlarının xidmət təchizatçılarının nümayəndələri iştirak ediblər.
Oktyabrın 3-də isə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Daş salnamə muzeyində Qlobal Metanın Azaldılmasının İnkişafı (AGMR) təşəbbüsünün nəticələrinə dair beynəlxalq konfrans keçirilib. Konfransda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, SOCAR, BP, "Petronas" kimi beynəlxalq neft-qaz şirkətlərinin, “Baker Hughes”, “SLB” və digər xidmət təchizatçılarının, Dünya Bankının, Ətraf Mühitin Müdafiəsi Fondunun, London İmperial Kollecinin, habelə “Clean Air Task Force”, “Metan Rəhbər Prinsipləri” (MGP), “Neft və Qaz İqlim Təşəbbüsü” (OGCI), “GHGSat”, “SeekOps” kimi beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Konfrans zamanı “Metan elmi araşdırmaları”, “AGMR təşəbbüsünün fəaliyyətində irəliləyişlər, çağırışlar və növbəti addımlar”, “Emissiyaların ölçülməsi, uyğunlaşma tədbirləri və onların azaldılmasında texnologiyanın rolu” mövzularında panel sessiyaları keçirilib, həmçinin AGMR təşəbbüsünün icrası zamanı əldə olunan nəticələr, emissiyaların azaldılmasına dair müsbət göstəricilər, icra olunmuş layihələr haqqında geniş fikir mübadiləsi aparılıb.
Qlobal istiləşmədə əsas rol oynayan istixana qazı emissiyalarının azaldılması daim SOCAR tərəfindən diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə fəaliyyətin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması məqsədilə SOCAR 2023-cü ildə COP28 zamanı geniş ictimaiyyət qarşısında özünün ortamüddətli və uzunmüddətli perspektivdə dekarbonizasiya hədəflərini elan edib.
Bu hədəflərə:
- 2030-cu ilə qədər bütün əməliyyat sahələrində rutin məşəldə yandırılmanın sıfıra endirilməsi;
- 2022-ci ilin göstəricisi ilə müqayisədə 2030-cu ilə qədər “upstream” seqmentində emissiya intensivliyinin 30 % azaldılması (SOCAR-ın birbaşa aktivləri üzrə);
- 2022-ci ilin göstəricisi ilə müqayisədə 2035-ci ilə qədər korporativ emissiya intensivliyinin 30 % və ümumi emissiyaların həcminin 20 % azaldılması (SOCAR-ın birbaşa aktivləri üzrə);
- 2035-ci ilə qədər “upstream” seqmentində sıfıra yaxın metan hədəfi (SOCAR-ın birbaşa aktivləri üzrə);
- 2050-ci ilə qədər “xalis sıfır”a nail olmaq daxildir.
Qeyd olunan hədəflərə çatmaq üçün tədbirlərin müəyyənləşdirilməsi, aşağı karbonlu layihələrin inkişaf etdirilməsi, habelə neft-qaz əməliyyatları prosesində dekarbonizasiyanın təmin edilməsi üçün "Boston Consulting Group” (BCG) məsləhətçi şirkəti ilə əməkdaşlıq çərçivəsində ikiillik “Green Lighthouse” layihəsinə start verilib. Hazırda bu istiqamətdə işlər uğurla davam edir.
Ətraf mühitin qorunması məsələlərinə sadiqliyini daim nümayiş etdirən SOCAR 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərində təşkil olunmuş COP28 zamanı irəli sürülən “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”nın (Oil & Gas Decarbonization Charter - OGDC) həmtəsisçilərindən biri olmaqla, Xartiyanın Rəhbər Komitəsində təmsil olunan 12 şirkətdən biridir. Bununla da SOCAR sözügedən Xartiyanın idarə edilməsində birbaşa iştirak edir.
OGDC xartiyasının əsas hədəfi üzv təşkilatların neft-qaz əməliyyatlarında dekarbonizasiya fəaliyyətlərini dəstəkləməklə, xalis sıfıra nail olmaqdır. Dünya üzrə neft hasilatının 40 %-ni həyata keçirən 50-dən çox beynəlxalq şirkət artıq OGDC xartiyasını imzalayıb.
Qabaqcıl texnologiyalardan istifadə emissiyaların həcmini yüksək dəqiqliklə ölçməyə imkan verir
Müasir texnoloji imkanlardan istifadə etməklə metan emissiyalarının daha dəqiq inventarlaşdırılması SOCAR-ın ətraf mühitin mühafizəsi sahəsində əsas istiqamətlərindən biridir. Bu məqsədlə SOCAR “TotalEnergies” şirkəti ilə birlikdə neft-qaz mədən ərazilərində dron əsaslı metan emissiyalarının aşkarlanması və həcminin ölçülməsi tədqiqatlarının həyata keçirir. Layihə çərçivəsində “TotalEnergies” və onun tərəfdaşları tərəfindən hazırlanmış AUSEA (Airborne Ultralight Spectrometer for Environmental) texnologiyasından istifadə edilməklə emissiya tədqiqatlarının həyata keçirilməsi nəzərdə tutulub. AUSEA, metan emissiyalarını aşkarlayan, eyni zamanda onların mənbəyini təyin edə bilən dronda quraşdırılmış sensordan ibarətdir. Bu isə neft və qaz obyektlərindən atılan metan emissiyalarının yüksək dəqiqliklə aşkarlanmasına və həcminin ölçülməsinə imkan verəcəkdir. Bu sahədə ilkin tədqiqatlar “TotalEnergies” şirkətinin Xəzər dənizindəki fəaliyyət sahələrində aparılıb. Növbəti mərhələlərdə bu tədqiqatların SOCAR-ın dənizdə yerləşən fəaliyyət sahələrində aparılması nəzərdə tutulub. Layihə hazırda davam etdirilir.
SOCAR tərəfindən “Neft Daşları”nda karbon krediti mexanizmi əsasında sızmaların müəyyənləşdirilməsi və aradan qaldırılması (Leak Detection and Repair - LDAR) layihəsi həyata keçirilir. Layihə fəaliyyətinə sızmaların müəyyənləşdirilməsi, həcminin ölçülməsi, sızma mənbələrinin ləğv edilməsi və azaldılmış emissiya həcmlərinin sertifikatlaşdırılması daxildir. İnfraqırmızı kamera kimi ən müasir ölçmə avadanlıqlarının tətbiqi ilə layihə ərazisində ölçmələr aparılıb və 171 sızma mənbəyi müəyyənləşdirilib. Bu sahədə ixtisaslaşmış beynəlxalq validasiya şirkətinin audit yoxlamasının nəticələrindən sonra təmir işləri aparılaraq, sızmalar ləğv edilib. Layihə nəticəsində azaldılacaq emissiya həcmləri sertifikatlaşdırılaraq Avropa bazarında satılacaqdır.
SOCAR emissiyaların azaldılmasına dair hesabatlılıq sisteminin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılmasını və şəffaflığın artırılmasını əsas məqsədlərdən biri kimi qarşısına qoyub. Bu hədəflərə çatmaq üçün şirkət cari ilin avqust ayında qlobal miqyasda emissiyalara dair hesabatlılıq standartlarını müəyyənləşdirən “OGMP2.0” təşəbbüsünə qoşulub.
Bu tərəfdaşlığa qoşulmaqla SOCAR qlobal enerji sektorunda ətraf mühitin qorunması istiqamətində ən yaxşı təcrübələrin qazanılması, tətbiq olunması, habelə metan emissiyalarına dair daha ətraflı və beynəlxalq standartların tələblərinə uyğun hesabatvermə imkanı əldə edib.
Neft-qaz əməliyyatı sahələrində formalaşan metan emissiyalarının dəqiq inventarlaşdırılması dekarbonizasiya prosesində mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə SOCAR “Neft-Qaz İqlim Təşəbbüsü” (OGCI) ilə peyk əsaslı emissiya ölçülməsi layihəsinə başlayıb. Layihə çərçivəsində SOCAR-ın quruda yerləşən 9 neft-qaz əməliyyatı aparılan sahəsi üzərində “GHGSAT” şirkətinin peyk vasitələrindən istifadə etməklə metan emissiyalarına dair ölçmələrin aparılması nəzərdə tutulub. Bu layihə qabaqcıl texnologiyaların tətbiqi ilə emissiyaların daha dəqiq ölçülməsinə öz müsbət töhfəsini verəcəkdir.
Emissiyaların ölçülməsi vahid metodika əsasında aparılır
İstixana qazı emissiyalarının həcmi SOCAR-ın hər bir müəssisəsinin fəaliyyət istiqamətinə uyğun olaraq dəyişir. Bundan əlavə istehsal həcminin artması və yaxud yeni texnoloji vasitələrin tətbiqi emissiya həcmlərinin dəyişməsinə təsir edir. Hazırda bütün müəssisələrdə SOCAR-ın tətbiq etdiyi vahid metodika əsasında emissiyaların ölçülməsi həyata keçirilir. Hər bir müəssisə üzrə müvafiq dövrlərə uyğun emissiya göstəriciləri ümumiləşdirilərək, SOCAR üzrə ümumi istixana effekti yaradan emissiya həcmi müəyyənləşdirilir.
SOCAR özünün dekarbonizasiya hədəfləri və qoşulduğu beynəlxalq təşəbbüslər çərçivəsində götürdüyü öhdəliklərə uyğun olaraq, istixana qazı emissiyaların davamlı şəkildə azaldılmasını qarşısına məqsəd qoyub. Bu məqsədlə SOCAR-ın “Upstream”, “Midstream” və “Downstream” seqmentlərinə daxil olan müəssisələrdə emissiyaların azaldılması istiqamətində dekarbonizasiya layihələri həyata keçirilməkdədir. Bu layihələrin icrası SOCAR-ın neft-qaz əməliyyatları proseslərinin bütün seqmentlərində emissiya intensivliyinin azaldılmasına müsbət töhfəsini verəcəkdir.