Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin (İB) dəniz obyektlərində xidmət göstərən neftçilərin növbələri dəyişdirilir.
“Azneft” İB-nin baş direktoru Şahmar Hüseynov “Report”a bildirib ki, artıq dəniz obyektlərində 15 gündən çox qalan işçilərin növbə dəyişməsinə başlanılıb: “Belə ki, xüsusi ayrılmış karantin zonalarına yerləşdirilən işçilər həkim yoxlamalarından keçdikdən sonra qrup halında dənizə yola düşürlər. Bu günə kimi dəniz obyektlərində xidmət aparan təxminən 700 işçi növbə dəyişib. Proses mərhələli şəkildə davam etdirilir”.
Baş direktor bildirib ki, virusun yayılmasına qarşı “Azneft” İstehsalat Birliyində qabaqlayıcı tədbirlər görülür: “Dövlət Neft Şirkətinin prezidentinin əmrinə əsasən, İstehsalat Birliyinin idarəetmə aparatında koronavirus pandemiyasının yayılmasının vaxtında qarşısının alınması, lazımi-zəruri profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə yaradılan fövqəladə əksepidemik qərargah hazırda tam gücü ilə öz fəaliyyətini davam etdirir. Həftənin 7 günü, sutkanın 24 saatı ərzində daxil olan müraciətlər araşdırılır və operativ qərarlar verilir. Qeyd edək ki, İB-də koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün zəruri olan bütün addımlar atılır, profilaktik tədbirlər daha da gücləndirilir, mövcud vəziyyət daim nəzarət altında saxlanılır”.