Cənubi Qafqaz Boru Kəməri Şirkəti icmalarda erkən müdaxilə xidmətlərinin yaradılması layihəsinə başlayır

Cənubi Qafqaz Boru Kəməri Şirkəti icmalarda erkən müdaxilə xidmətlərinin yaradılması layihəsinə başlayır Layihənin müddəti bir ildir və dəyəri isə təxminən 331 min manat təşkil edir
Energetika
16 Dekabr , 2016 17:13
Cənubi Qafqaz Boru Kəməri Şirkəti icmalarda erkən müdaxilə xidmətlərinin yaradılması layihəsinə başlayır

Bakı. 16 dekabr. REPORT.AZ/ "Cənubi Qafqaz Boru Kəməri" şirkəti (SCP Co.) eyni adlı boru kəməri marşrutu boyunca yerləşən on bölgədə – Hacıqabul, Kürdəmir, Ağdaş, Ucar, Yevlax, Samux, Goranboy, Şəmkir, Tovuz, Ağstafa rayonlarında erkən müdaxilə xidmətlərinin yaradılması üzrə yeni icma layihəsinə başlayır.

“Report” xəbər verir ki, bu, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsinin sosial sərmayə proqramı çərçivəsində həyata keçirilən bir təşəbbüsdür. Layihənin məqsədi uşaqların inkişafı prosesində erkən müdaxilənin əhəmiyyəti barədə həm icmanın, həm də səhiyyə sektorunun məlumatlılığını artırmaqdır.

Layihə uşaqlarda əlillik və inkişafdan geriqalma hallarını mümkün qədər erkən dövrlərdə aşkar etmək və bu halların aradan qaldırılması üçün müdaxilə etmək istiqamətində xidmətlərin göstərilməsini nəzərdə tutur. Bu layihə çərçivəsində görüləcək işlər boru kəməri boyunca yerləşən on rayonda erkən müdaxilə mərkəzlərinin yaradılması, hər bir rayon mərkəzi üçün üç nəfər erkən müdaxilə mütəxəssisinə təlimlərin keçirilməsi, valideynlərin öz uşaqlarının inkişafında fəal iştirak etməsinə şərait yaradılması və ictimaiyyəti erkən müdaxilənin əhəmiyyəti barədə maraarifləndirilməsini əhatə edir.

“BP-Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli layihənin təqdimat mərasimində bildirib ki, bu layihənin əhatə etdiyi mövzu bir sıra tərəflərin, o cümlədən Səhiyyə Nazirliyinin, yerli icra hakimiyyəti orqanlarının, yerli səhiyyə qurumlarının və məktəblərin, valideynlərin və bütün ictimaiyyətin diqqət mərkəzində olan bir məsələdir: “Gözləntimiz ondan ibarətdir ki, bu layihə həmin maraqlı tərəflərin hamısını bir ümumi məqsəd ətrafında toplayacaq, yəni mümkün qədər erkən dövrlərdə uşaqların inkişafına müdaxilə etməklə fiziki və əqli cəhətdən sağlam vətəndaşların yetişdirilməsi məqsədinə xidmət edəcək. Erkən müdaxilə beynəlxalq təcrübədə qəbul edilmiş xidmətlər sistemidir. Ümid edirik ki, layihə bu təcrübəni təbliğ etməklə erkən müdaxilənin uşaqların əlilliyini düzəltməkdə və onların həyatını dəyişməkdə nə qədər effektiv olduğu barədə icmaları maarifləndirməyə yardım edəcək”.

Layihənin müddəti bir ildir və dəyəri təxminən 331 min manat təşkil edir.

Layihə əlil və inkişafdan geri qalmış uşaqlar üçün xidmətlər göstərmək məqsədilə uşaqların inkişafı üzrə mütəxəssislərə təlim verməkdə 18 illik təcrübəsi olan yerli qeyri-hökumət təşkilatı UAFA (The United Aid for Azerbaijan) tərəfindən yerinə yetiriləcək.

Son xəbərlər

Orphus sistemi