"Bulla-dəniz" yatağında yüksək debitlə yeni quyu istismara daxil edilib
- 16 iyun, 2015
- 11:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 16 iyun. REPORT.AZ/ Bu ilin iyun ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kompleks Qazma İşləri Tresti tərəfindən “Bulla-dəniz” yatağındakı 122 nömrəli platformada qazılmış 124 nömrəli quyunun istismara təhvil verilməsi istiqamətində aparılmış işlər uğurla nəticələnib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Qirməkiüstü Qumlu Lay Dəstəsinin 5 900-5 862,75 metr intervalına hazır süzgəc endirilib. Mənimsəmə-sınaq işləri nəticəsində, quyu sutkada 1,25 mln. kubmetr qaz, 250 ton kondensat hasilatı ilə istismara qəbul edilib.
Xatırladaq ki, SOCAR Kompleks Qazma İşləri Tresti ölkənin quru və dəniz ərazilərindəki 20-yə yaxın yataqda beynəlxalq standartların tələblərinə uyğun axtarış-kəşfiyyat və istismar qazma işlərini davam etdirir.