Bolqarıstanın “Bulgargaz” dövlət şirkəti Dövlət Milli Təhlükəsizlik Agentliyinə (DANS) müraciət edərək, rəqib maraqların illik 1 milyard kubmetr qazın idxalı ilə bağlı Bolqarıstan və Azərbaycan arasında bağlanmış müqaviləni təhlükə altına aldığı bildirib.
“Report” xəbər verir ki, bu barədə “EURACTIV Bulgaria” məlumat yayıb.
“Bulgargaz” bəyan edib ki, “Maraqlı tərəflər” ilə bağlı kommersiya sirlərinin pozulması nəticəsində Azərbaycanın qaz satışı şirkəti (AGSC) ilə 2013-cü ildə imzalanmış müqavilənin məxfi məlumatları aşkara çıxıb.
Bu, Bolqarıstanın illik istehlakının üçdə bir hissəsi həcmində qaz idxal etməyə imkan verən və ölkənin enerji daşıyıcıları üzrə alternativ mənbəyə malik olmasını şərtləndirən müqaviləyə xitam verilməsinə səbəb ola bilər. Bu halda şirkət 73 milyon ABŞ dolları həcmində bank zəmanətini itirə və çətin maliyyə vəziyyətinə düşə bilər.
Xüsusilə də Avropada qaz qiymətlərinin hazırkı kəskin dəyişmələrini nəzərə aldıqda, AGSC ilə müqavilə “Bulgargaz” üçün çox sərfəli hesab olunur. Şirkət Yunanıstan ilə IGB interkonnektorun tikintisi tamamlandıqdan sonra gələn il Azərbaycan qazını tam həcmdə almağa ümid edir. Bu kəmər sayəsində Bolqarıstan Tran-Adriatik Qaz Boru Kəməri (TAP), Azərbaycandan başlayaraq Gürcüstan və Türkiyədən keçməklə Avropaya uzanan Cənub Qaz Dəhlizinin Avropa hissəsi ilə birləşmək imkanı əldə edəcək.
Uzunmüddətli müqavilələrlə işləyən “Bulgargaz” spot bazarında fəaliyyət göstərən şirkətlərlə müqayisədə bu il daha əlverişli vəziyyətdədir. Belə ki, şirkət “Qazprom” şirkəti ilə uzunmüddətli müqaviləyə malikdir və alternativ marşrutlar üzrə Azərbaycandan qaz idxal edir. Bununla da “Bulgargaz” Bolqarıstan bazarında qazı digər Avropa bazarları ilə müqayisədə 30-40 % daha ucuz sata bilir.
Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.
Cənub Qaz Dəhlizinin inkişafı çərçivəsində İGB vasitəsilə Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri Xəzər regionundan alternativ tədarüklərə və mayeləşdirilmiş təbii qaz idxal etmək imkanına malik olacaqlar.