Bu ilin sonuna SOCAR Gürcüstanda qazlaşdırma səviyyəsini 88 %-ə çatdıracaq
- 22 oktyabr, 2024
- 07:57
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi “SOCAR Georgia Gas” şirkəti ölkədə qazlaşdırma səviyyəsini bu ilin sonu üçün 88 %-ə çatdıracaq.
Bu barədə “Report” SOCAR-ın 2023-cü il üzrə Davamlı inkişaf haqqında hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, 2008-ci ildə Gürcüstanda qazlaşdırma səviyyəsi 46 % olubsa, “SOCAR Georgia Gas”ın və Gürcüstan hökumətinin birgə fəaliyyəti nəticəsində 2024-ci ilin sonu üçün bu göstəricinin 88 %-ə çatdırılması gözlənilir.
Məlumatda deyilir ki, şirkət tərəfindən aparılan işlər nəticəsində 2009-cu ildə sayı 71 min olan abonentlərin sayı bu ilin əvvəlinə 870 minə çatdırılıb.
Bundan əlavə, 2007-2023-cü illər ərzində şirkət tərəfindən 11,2 min km-ə qədər yeni qaz kəmərləri quraşdırılıb.
Qeyd edək ki, “SOCAR Georgia Gas” 2007-ci ildə Gürcüstanda təbii qazın idxalı, pərakəndə və topdan satışı, paylanması və eləcə də, qaz boru kəmərlərinin tikintisi və reabilitasiyası məqsədilə yaradılıb.