Bu il BTC-nin əsaslı xərcləri azalıb

Energetika
  • 01 avqust, 2024
  • 11:32
Bu il BTC-nin əsaslı xərcləri azalıb

Bu ilin yanvar-iyun aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri üzrə əməliyyat xərcləri 70,5 milyon ABŞ dolları, əsaslı xərcləri isə təqribən 17,7 milyon ABŞ dolları təşkil edib.

“Report” “BP-Azerbaijan” şirkətinin hesabatına əsasən xəbər verir ki, 2023-cü ilin iki rübü ilə müqayisədə BTC-nin əməliyyat xərcləri 11,5 milyon ABŞ dolları və ya 19,4 % artıb, əsaslı xərcləri isə 0,3 milyon ABŞ dolları və ya 1,6 % azalıb.

Bildirilir ki, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2024-cü ilin iyun ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 576 milyon ton (4,3 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5 707 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Hesabat dövründə BTC vasitəsilə ixrac olunmuş təqribən 14 milyon ton (təqribən 110 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 150 tankerə yüklənib və yola salınıb. İki rübdə BTC ilə nəqlin həcmi illik müqayisədə demək olar eynidir.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) AÇG-dən kənar hasilat həcmləri) də nəql olunur.

Qeyd edək ki, BTC Ko.-nun səhmdarları BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %), “Equinor” (8,71 %); TPAO (6,53 %); “Eni” (5 %); “TotalEnergies” (5 %), “İtochu” (3,4 %); “İnpex” (2,5 %), “ExxonMobil” (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.

Son xəbərlər

Bütün Xəbər Lenti