Bu il Azərbaycanda neft emalı 14 %-dən çox artıb
- 26 aprel, 2022
- 14:25
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda neft emalı 1,6 milyon ton təşkil edib.
Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin ilk rübündə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.
Bildirilir ki, neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 200 min ton və ya 14,3 % az olub.
Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur.
1953-cü ildə əsası qoyulan SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda modernizasiya və yenidənqurma layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir.