Bu il Azərbaycan polietilen ixracını 16 % azaldıb
- 18 oktyabr, 2022
- 09:19
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 86 min 736,79 ton ilkin formalarda polietilen ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polietilenin dəyəri 112 milyon 715,69 min ABŞ dolları təşkil edib.
Bu, 2021-ci ilin yanvar-sentyabr aylarının eyni dövrü ilə müqayisədə müvafiq olaraq 16,03 % və 7,8 % azdır.
2022-ci ilin yanvar-sentyabr ayları ərzində polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 5,32 % olub. Hesabat dövründə ilkin formalarda polietilenin ölkənin ümumi ixracdakı payı 0,38 % olub.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 814 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 9 aylıq xarici ticarət dövriyyəsinin 29 milyard 521 milyon ABŞ dolları ixracın, 10 milyard 293 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Xatırladaq ki, Azərbaycanda polietilen və polipropilen "SOCAR Polymer" zavodunda istehsal edilir. “SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen zavodu daxildir. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin ilin oktyabrın 5-dən isə polipropilenin ixracına başlanılıb.