Bu gün səhər saatlarında yanğının baş verdiyi gəmi “BP-Azerbaijan” şirkətinin sifarişi ilə “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunun ərazisində açıq dənizdə dalğıc işləri həyata keçirb.
Bunu "Report"a açıqlamasında şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Tamam Bayatlı bildirib.
“Bu gün səhər saatlarında yanğının baş verdiyi dalğıc gəmisi AÇG blokunun ərazisində sualtı işlər həyata keçirirdi. Gəmi blokda fəaliyyət göstərən heç bir platformaya xidmət göstərmir və yanğın zamanı onların heç birinin yaxınlığında olmayıb”, - deyə o qeyd edib.
Menecerin sözlərinə görə, yanğın nəticəsində xəsarət alan olmayıb, gəminin bütün ekipaj üzvləri yaxınlıqdakı gəmilərə uğurla təxliyə edilib və hazırda təhlükəsiz ərazidədirlər.
“Gəmi müqavilə ərazisindən təhlükəsiz məsafəyə aparılıb”, - “BP-Azərbaycan”ın rəsmisi vurğulayıb.
“Report”un öz mənbələrindən əldə etdiyi məlumata görə, dalğıc gəmisi “Maritime Logistics Inc” şirkətinə məxsusdur.