Bərpa olunan enerji tənzimlənməsi üzrə ilk qanun layihəsi hökumətdə baxılır

Bərpa olunan enerji tənzimlənməsi üzrə ilk qanun layihəsi hökumətdə baxılır P. Şahbazov: "Bərpa olunan enerji sahəsinin nəzərəçarpacaq inkişafı üçün investisiyaların cəlbi davamlı bir proses olmalıdır"
Energetika
20 Oktyabr , 2020 12:32
Bərpa olunan enerji tənzimlənməsi üzrə ilk qanun layihəsi hökumətdə baxılır
Pərviz Şahbazov

"Bu gün əsas məqsədimiz Azərbaycan Prezidenti tərəfindən qarşımıza qoyulmuş vəzifələrə uyğun olaraq, 2030-cu ilə qədər bərpa olunan enerji mənbələri hesabına 1 500 MVt əlavə güc yaratmaqla elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payını 30%-ə çatdırmaqdır".

“Report”un məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibəti ilə rəsmi mətbuatda dərc edilən məqalədə bildirib.

Onun sözlərinə görə, energetika sahəsində müəyyən edilmiş bu yeni strateji xəttin həyata keçirilməsində ilk uğurlu addımlardan biri bu ilin yanvarında 7 beynəlxalq şirkət arasında mövcud topdansatış qiymətlərinə uyğun təkliflər vermiş Səudiyyə Ərəbistanının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliyinin “Masdar” şirkətləri ilə 240 MVt gücündə külək və 200 MVt gücündə günəş enerjisi üzrə pilot layihələrlə bağlı İcra müqavilələrinin imzalanması olub: “Külək və günəş enerjisi ilə işləyən bu 440 meqavatlıq stansiyalar, təxminən, 400 milyon ABŞ dolları məbləğində tam xarici investisiya hesabına tikiləcək ki, bu da ölkəmizdə bərpa olunan enerji sahəsində bir ilk, digər layihələrə investorların cəlbi üçün nümunə olacaq”.

Nazir bildirib ki, “Enerji alğı-satqı”, “İnvestisiya”, “Ötürücü Şəbəkəyə Qoşulma” və “Torpaq İcarə” müqavilələri hazırlanaraq investorlara təqdim edilib və hər iki şirkətlə imzalanacaq müvafiq sənədlərin razılaşdırılması artıq yekunlaşır: “ACWA Power” və “Masdar” şirkətləri ilə müvafiq müqavilələrin imzalanmasından sonra Abşeron, Xızı və Qaradağ rayonlarında ayrılmış ərazilərdə stansiyaların tikintisinə başlanacaq. Külək elektrik stansiyasının inşa ediləcəyi ərazilərdə - Pirəkəşkül və Sitalçayda 6 ədəd külək ölçü-müşahidə stansiyası quraşdırılıb, layihənin ətraf mühitə və sosial təsirlərinin qiymətləndirilməsi aparılır. Günəş elektrik stansiyasının inşa olunacağı ərazidə də ətraf mühitə və sosial təsirlərin qiymətləndirilməsi ilə bağlı tədqiqatlar davam etdirilir. Bu elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə qoşulması üçün 3 yeni yarımstansiyanın investorlar tərəfindən tikilməsi planlaşdırılır. Bu stansiyalar hesabına ümumilikdə, təxminən, illik 1,4 milyard kVt·st elektrik enerjisinin istehsalı, 300 milyon kubmetrdən çox təbii qaza qənaət edilməsi, 600 min tona yaxın karbon qazı tullantısının azaldılması və yeni iş yerlərinin yaradılması gözlənilir”.

P. Şahbazov deyib ki, bərpa olunan enerji sahəsinin nəzərəçarpacaq inkişafı üçün investisiyaların cəlbi davamlı bir proses olmalıdır: “Bu məqsədlə pilot layihələrdən əlavə özəl sektorun və xarici investorların iştirakı ilə yeni güclərin potensial ərazilərdə ikitərəfli müqavilələr və hərraclar vasitəsilə reallaşdırılması istiqamətində hazırlıq tədbirləri görülür. Belə ki, investisiya cəlbi üçün beynəlxalq təcrübədə rast gəlinən bərpa olunan enerji mənbələri ərazilərinin yaradılması və investorlara təqdim olunması üçün günəş və külək enerjisi potensialı olan digər 5 sahədə yeni layihələrin həyata keçirilməsinin mümkünlüyü dəqiqləşdirilib. Bununla yanaşı külək enerjisi ilə müqayisədə ölkənin bütün ərazisində mövcud olan günəş enerjisi potensialından, kənd təsərrüfatına yararsız torpaqlardan istifadə edilməsi, bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı güclərinin paylaşdırılması üçün növbəti illərdə regionlarda layihələrin həyata keçirilməsi planlaşdırılır. Bununla əlaqədar Nazirlik tərəfindən günəş enerjisi üzrə ən çox potensiala malik 15 inzibati-ərazi vahidi müəyyənləşdirilib, hazırda torpaqların təyinatı, elektrik enerjisi şəbəkəsinə qoşulma imkanları araşdırılır. Həmçinin bərpa olunan enerji hərraclarının layihələndirilməsi və icrası üzrə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə əməkdaşlıq çərçivəsində hərrac qaydaları, elektrik enerjisinin satınalınması, elektrik şəbəkəsinə qoşulma, torpaq icarə müqavilələri və digər sənədlər hazırlanır. Eyni zamanda, elektrik şəbəkəsinə qoşulacaq yeni güclərin dövrlər üzrə optimal həddi müəyyənləşdirilir ki, layihələrin gələcəkdə şəbəkəyə inteqrasiyası zamanı problemlər yaranmasın. Hesablamalara əsasən, 2030-cu ilədək üç mərhələdə 440 MVt, 460 MVt və 600 MVt həcmində qoyuluş güclərinin şəbəkəyə inteqrasiyası mümkündür”.

Nazir qeyd edib ki, bərpa olunan enerji sahəsinin inkişafında mühüm yeniliklərdən biri isə aktiv istehlakçılar qismində vətəndaşların bu prosesdə iştirakının dəstəklənməsi ilə bağlıdır: “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi istehlakçıya müəyyən güc həddindəki bərpa olunan enerji mənbələri qurğusu vasitəsilə öz tələbatı üçün elektrik enerjisi istehsal etməyə və istehlakından artıq elektrik enerjisini paylayıcı şəbəkəyə ötürməyə imkan verəcək: “Bütün bu proseslərin aktiv fazaya keçməsi üçün həlledici məqam müvafiq sahədə qanunun qəbuludur. Ölkəmizdə bərpa olunan enerji sahəsinin tənzimlənməsi üzrə ilk normativ hüquqi sənəd kimi “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanun layihəsi hazırda hökumətdə baxılmaqdadır”.

Son xəbərlər

Orphus sistemi