Macarıstanın MVM enerji şirkəti Azərbaycanın bərpa olunan enerji mənbələri (BOEM) sektorunda iştiraka maraq göstərir.
“Report” xəbər verir ki, bunu "MVM Group"un baş direktoru Karoli Matrai (Károly Mátrai) "Daha "yaşıl" gələcəyə innovativ yollar: bərpa olunan enerji mənbələri və emissiyaların azaldılması" mövzusunda tədbirdə bildirib.
"Biz Azərbaycanla təcrübə və bacarığımızı bölüşmək istərdik. Biz həmçinin ölkənin bərpa olunan enerji sektorunda iştirak etməkdə maraqlıyıq, çünki regionda geniş biznes imkanları görürük", - K.Matrai qeyd edib.
Onun sözlərinə görə, Qara dənizin dibi ilə "yaşıl enerji dəhlizi"nin yaradılması layihəsi Macarıstan üçün strateji əhəmiyyət kəsb edir.
"Şahdəniz" layihəsinin ölkəmiz üçün qaz təchizatının şaxələndirilməsinə yol açdığı kimi, "yaşıl dəhliz" də bu dəfə elektrik enerjisi sahəsində yeni strateji imkan təqdim edir", - şirkətin rəhbəri vurğulayıb.
K.Matrai izah edib ki, Macarıstan kifayət qədər elektrik enerjisi istehsal etmir və hava şəraitindən asılı olaraq, enerjiyə tələbatının 20-25 %-ni idxal hesabına ödəyir.
"Yaşıl enerji dəhlizi" Xəzər regionundan əlçatan qiymətə elektrik enerjisinə çıxışı təmin edəcək. Bu, təchizatın daha da şaxələndirilməsi üçün həm iqtisadi, həm də siyasi əsas yaradacaq. Macarıstan üçün onun strateji əhəmiyyəti də məhz bundadır", - o bildirib.
Bundan başqa, baş direktor vurğulayıb ki, bu layihənin həyata keçirilməsi bütün region üçün dönüş nöqtəsi ola bilər.
"Balkan regionunda generasiya güclərinin çatışmazlığı səbəbindən elektrik enerjisinin qiymətləri bəzən son dərəcə yüksək həddə çatır. Əgər biz "yaşıl dəhliz" vasitəsilə Azərbaycandan elektrik enerjisinin tədarükünü təşkil edə bilsək, bu, tarifləri cari səviyyələrlə müqayisədə sabitləşdirməyə və ola bilsin ki, azaltmağa kömək edəcək", - K. Matrai əlavə edib.