Bakı. 15 fevral. REPORT.AZ/ Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası işə başlayıb.
“Report” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.
Tədbirdə, həmçinin Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç iştirak edirlər.
Azərbaycan Prezidenti İlham Əliyev iclasda nitq söyləyib.
Sonra Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç çıxış edib.
Toplantı işini plenar sessiyalarla və “dəyirmi masa” ilə davam etdirir.
*** 09:50
Bakı. 15 fevral. REPORT.AZ/ Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin IV iclası keçirilir.
“Report” xəbər verir ki, iclasda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir.
İclas açılış mərasimi və salamlama nitqlərindən sonra dörd plenar sessiya üzrə davam edəcək.
Birinci sessiyada Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri üzrə görülmüş işlərə dair hesabatlar diqqətə çatdırılacaq.
Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç və Azərbaycanın energetika naziri Pərviz Şahbazovun moderatorluğu ilə keçirilən ikinci plenar sessiyada layihəyə cəlb edilmiş ölkələrin nazirlərinin çıxışları nəzərdə tutulub.
Üçüncü plenar sessiya “Global enerji bazarının dəyişən trendləri fonunda CQD-nin maliyyələşdirilməsi” mövzusuna həsr olunub.
Dördüncü hissədə isə Cənub Qaz Dəhlizi layihəsinin genişləndirilməsi perspektivləri, Yunanıstan-Bolqarıstan interkonnektoru (Interconnector Greece-Bulgaria (IGB) və İon-Adriatik Kəməri (IAP) istiqamətləri üzrə məruzələr dinləniləcək.
Yekun olaraq Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən Birgə Bəyannamə, eləcə də “Albgaz” və “SOCAR Balkans”, həmçinin “Plinacro”, “Albgaz”, “BH Gas” və “Montenegro Bonus” arasında Niyyət məktublarının imzalanması planlaşdırılır.
Daha sonra energetika naziri Pərviz Şahbazov və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin iştirakı ilə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı isə ötən il fevralın 23-də keçirilib.