Bakı. 14 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyi üzrə 2017-ci il üçün neft hasilatının 6,3 mln. ton, qaz hasilatının isə 5,550 mlrd. kubmetr olması proqnozlaşdırılır.
“Report” xəbər verir ki, bunu “Azneft” İB-nin baş direktoru Daşqın İskəndərov “Caspian Energy” jurnalına müsahibəsində bildirib.
O xatırladıb ki, bu ilin yanvar-fevral ayları ərzində Birliyin istismar etdiyi dənizdəki yataqlardan 1,016 mln. ton neft və kondensat, 827,3 mln. kubmetr qaz, qurudakı yataqlardan isə 52,5 min ton neft və kondensat, 11,4 mln. kubmetr qaz hasil olunub.
Onun sözlərinə görə, ümumi neft hasilatının 95%-i, qaz hasilatının isə 98%-dən çoxu dənizdəki yataqların payına düşür: “Hazırda “Azneft” 27 neft-qaz yatağında hasilat aparır. Bu yataqların 13-ü Xəzərin Azərbaycan sektorunda, 14-ü isə quruda yerləşir. Bu il "Azneft"in qarşısında duran əsas məsələlər hasilatın stabilliyini saxlamaq, eyni zamanda hasilatın artırılması üçün yeni platformaların tikilməsi və qazma işlərinin artırılmasıdır".