“Azərişığ”ın sədr müavini: "Bakı şəhəri üzrə enerji itkisi 17%-dən 7,8%-ə endirilib” - MÜSAHİBƏ

“Azərişığ”ın sədr müavini: "Bakı şəhəri üzrə enerji itkisi 17%-dən 7,8%-ə endirilib” - MÜSAHİBƏ Asiya İnkişaf Bankı ilə imzalanan kredit müqaviləsi üzrə ilk tranş üzrə işlər gələn ilin ortalarına qədər tamamlanacaq
Energetika
27 Oktyabr , 2017 15:41
“Azərişığ”ın sədr müavini: Bakı şəhəri üzrə enerji itkisi 17%-dən 7,8%-ə endirilib” - MÜSAHİBƏ
Report/ Firi Salim

Bakı. 27 oktyabr. REPORT.AZ/ Bir neçə gün öncə Azərbaycan energetikləri öz peşə bayramlarını qeyd ediblər. Belə ki, dövlət başçısının 13 oktyabr 2004-cü il sərəncamı ilə Azərbaycanda 20 oktyabr - Energetiklər Günü kimi qeyd olunur. Qeyd edək ki, hazırda Azərbaycanda 30 minə yaxın insan energetika sahəsində çalışır. Bu ərəfədə “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov “Report”un suallarını cavablandırıb.

- Dövlət başçısının 10 fevral 2015-ci il tarixli sərəncamı ilə "Bakıelektrikşəbəkə" ASC-nin bazasında "Azərişıq" ASC yaradılıb. “Azərişıq” yaradıldıqdan sonra Azərbaycanda elektrik enerjisi satışı sahəsində hansı mühüm yeniliklər baş verib?

- "Azərişıq" yaradıldıqdan sonra Azərbaycanda elektrik enerjisinin paylanması funksiyası da yeni yaradılan qurumun üzərinə qoyuldu, Azərbaycanın paylayıcı elektrik şəbəkəsi tam şəkildə təhlil edildi, şəbəkənin mövcud vəziyyəti araşdırıldı. Aparılan təhlillər nəticəsində ölkənin mövcud elektrik şəbəkəsinin 3 hissədən ibarət reabilitasiya və inkişaf proqramı hazırlandı. Mövcud şəbəkə çox köhnəlmişdi.

Bundan əlavə, regionlarda elektrik şəbəkənin normal fəaliyyəti üçün müasir standartlara cavab verən kommunikasiya sistemləri ilə təmin olunmuş 27 ədəd ofis binası inşa edilib və hazırda yeniləri inşa edilir.

Paylayışı şəbəkədə idarəetmənin təkmilləşdirilməsi və çevikliyin artırılması məqsədi ilə SCADA dispetçer idarəetmə mərkəzi yaradılıb. Hazırda 34 ədəd 110/35 kV-luq yarımstansiyalar SCADA sisteminə qoşulub. Paylayıcı elektrik şəbəkəsinin elektron xəritəsi yaradılıb, 110/35/10-6 kV-luq yarımstansiyalar və ötürücü xətlər eləcə də, 0,4 kV-luq TM-və paylayıcı və kabel xətləri müasir texnologiyaların köməyi ilə elektron xəritə üzərinə keçirilməsi davam etdirilir. “Azərişıq” ASC üzrə elektrik enerjisinin uçotunun aparılmasının təmin edilməsi məqsədilə mərkəzləşmiş məlumat bazası yaradılıb. Abunəçilərin enerji uçotuna dair məlumatlarının şəffaflığını təmin etmək məqsədiylə rayon EŞ-də inzibati idarələrinə 155 km-dən çox optik kabel çəkilərək mərkəzi idarəetmə sistemi qurulub. “Azərişıq” ASC-nin informasiya şəbəkəsinə daxil olan 1 800 kompüter avadanlığının bir-biri ilə əlaqəsi təmin edilib, Abunəçi məlumatlarının saxlandığı 16 serverdən ibarət müasir məlumat mərkəzi yaradılıb. “Azərişıq” rayonlarda və Bakıda fəaliyyətdə olan 11 “ASAN Xidmət” mərkəzlərində vətəndaşlara elektrik enerjisinin istehlakına dair müraciətlərin baxılması üçün inteqrasiya prosesini uğurla icra etməkdədir.

Bakı şəhərinin son illərdə elektrik enerjisinə olan tələbatı illər üzrə 3-4% artımla müşayət olunduğundan, 2025-ci ilədək paytaxtın elektrik enerjisinə olan güc ehtiyacı 3 000 MVt sərf olunacaq elektrik enerjisinin miqdarı 12-13 mlrd. kVt/saat olması gözlənilir. Bakı şəhəri üzrə müxtəlif dövrlərdə qəbul olunmuş dövlət proqramlarının həyata keçirilməsi nəticəsində ümumi qoyuluş gücü 2 200 MVt-dan artıq təşkil edən layihələrin və yarımstansiyaların tikintisi, əlaqələndirici EVX-lərinin çəkilişi, 10-6 və 0,4 kV-luq paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması və gücləndirilməsi işləri həyata keçirilməlidir.

Beləliklə, Bakı şəhərinin paylayıcı elektrik şəbəkəsinin normalara uyğun istismarının təşkili, qorunub saxlanılması, gözlənilən inkişafa uyğun artan elektrik güclərinin qarşılanması üçün lazımi texniki tədbirlərin yəni mövcud köhnəlmiş şəbəkənin yenilənməsi, genişləndirilməsi, yeni güc mərkəzlərinin, 110 və 35 kV-luq dairəvi elektrik təchizat sxemlərin yaradılması, qəza hallarında operativliyin yüksəlməsi və dayanıqlı elektrik enerjisi təminatının yaradılması üçün 22 ədəd 110 kV-luq, 77 ədəd 35 kV-luq, 1 974 ədəd 10-6 kV-luq TM və KTM inşa edilib, 28 093 km müxtəlif gərginlikli elektrik veriliş xətləri çəkilib, 239 532 ədəd dayaq quraşdırılıb.

Ölkə rayonlarında 1950-1960-cı illərində tikilib istismara verilmiş payılayıcı elektrik şəbəkələrinin 85%-i istismar müddətini başa vurduğundan regionlarda şəbəkələrin əlaqələndirilməsi radial sxem üzrə yerinə yetirilir.

“Azərişıq” ASC tərəfindən regionlarda 18 ədəd 110 kV-luq, 64 ədəd 35 kV-luq, 2 920 ədəd 10-6 kV-luq TM və KTM inşa edilib, 17 725 km müxtəlif gərginlikli elektrik veriliş xətləri çəkilib, 337 982 ədəd dayaq quraşdırılıb. Görülmüş işlərin nəticəsində israfçılıq halları aradan qaldırılıb, itkilərin səviyyəsi aşağı düşüb. Bakı şəhərində 2006-cı ildə elektrik enerjisi üzrə texniki itki 16,98% olduğu halda 2017-ci ildə bu göstərici 8%-ə çatdırılıb. Bu il regionlarda elektrik enerjisi itkiləri 10,1% təşkil edib.

- “Azərişıq” yaradıldıqdan sonra ilk investisiya müqaviləsi Asiya İnkişaf Bankı (ADB) ilə bağlanıb. Ümumi dəyəri 1 mlrd. ABŞ dolları civarında olan borc müqaviləsi üzrə təmsil etdiyiniz qurum hansı işləri görməyi öhdəsinə götürüb?

- “Azərişıq” yarandığı gündən şəbəkənin daxili imkanları hesabına regionlarda yenidənqurma işlərinə başlayıb. Amma işlərin miqyasının geniş olması əlavə maliyyə vəsaitlərinin cəlb edilməsi zərurətini yaradıb. Bu məqsədlə Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı arasında danışıqlar başlanıb, paylayıcı şəbəkənin inkişaf etdirilməsi üçün investisiya yatırımı nəzərdə tutulub. İnvestisiya yatırımının eyni hcəmli tranşlardan ibarət olması nəzərdə tutulub. Kredit müqaviləsi 2016-cı ilin iyul ayında imzalanıb və ilk tranş üzrə 250 mln. dollar məbləğində kredit ayrılıb. Hazırda işlər tam sürətlə icra edilir və ən uzağı 2018-ci ilin ortalarına qədər tamamlanması nəzərdə tutulur. Bu tranş çərçivəsində regionlarımızda 4 ədəd 110/35/10 kV-luq yarımstansiyanın tikintisi nəzərdə tutulub və qeyd edim ki, artıq bu yarımstansiyaların tikintisi yekunlaşıb. Həmçinin, layihə çərçivəsində 16 ədəd 35/10 kV-luq yarımstansiyanın tikintisi nəzərdə tutulmuşdu ki, hazırda bu çərçivədə işlərin 85%-i yekunlaşıb. Bundan əlavə 54 km 110 kV-luq xətt, 124 km 35 kV-luq xətt, 1 237 km 10 kV-luq xətt, 3 900 km 0,4 kV-luq elektrik verilişi xətlərinin yenidən qurulması nəzərdə tutulub. Bundan əlavə, 1 157 ədəd Komplekt Transformator (KTM), 108 min ədəd sayğacın quraşdırılması planlaşdırılmışdı. Qeyd etdiyim işlərin 85-90%-nin ilin sonuna kimi yekunlaşması nəzərdə tutulub. Yəni, görəcəyimiz işləri vaxtından əvvəl yerinə yetirməyi planlaşdırırıq. Hətta bu tranş çərçivəsində rayon mərkəzlərində 9 inzibati binanın tikintisi nəzərdə tutulmuşdu ki, onların da tikintisi başa çatdırılıb.

Hər tranş üzrə 250 mln. dolların köçürülməsi nəzərdə tutulub. Tranşlarla bağlı müqavilələr Azərbaycan hökuməti ilə ADB arasında həll olunur.

- Bu gün Azərbaycanda qüvvədə olan elektrik enerjisi tarifləri “Azərişığ”ı qane edirmi? Yəni, “Azərişıq” ASC-nin büdcədən maliyyələşən təşkilat deyil, özü öz xərclərini qarşılayan, borclarını ödəyə bilən təşkilat olması üçün abunəçilərə satılan elektrik enerjisinin hər kilovatı neçə manat olmalıdır?

- “Azərişıq” öz fəaliyyətini Tarif Şurasının müvafiq qiymət tənzimləmələri ilə həyata keçirir. Ümumiyyətlə, hər hansı enerji təchizatı müəssisəsinin rentabelli işləməsi təbii ki, həmin tariflərdə qeyd edilən marjadan asılıdır. Yəni, tariflər və marja Tarif Şurası tərəfindən müəyyən edildiyi üçün mən sizə zəmanətli açıqlama verə bilməyəcəm. Onu deyə bilərəm ki, əlbəttə, biz də böyük investisiya layihələri həyata keçirməyi istəyərdik. Bu da tarifdə marjanın böyük olmasına dəlalət edir.

- Son zamanlar “Azərişığ”ın adı daha çox “Azərenerji”yə borcla bağlı məsələlərdə hallanır. Hazırda “Azərişığ”ın “Azərenerji”yə borcu varmı, varsa, hansı məbləğdədir?

- 2017-ci ilin 9 ayı ərzində alınan elektrik enerjisinin dəyəri tam olaraq “Azərenerji” ASC-yə ödənib. Yəni, hazırda qeyd edilən quruma heç bir borcumuz yoxdur. Digər bir məsələ bizim yığımlarımızla bağlıdır ki, biz şəbəkəni idarəetməyə qəbul etdiyimiz dövrdə regionlardan yığılan vəsait 80% idisə, hazırda bu rəqəm 90%-in üzərindədir. Bu 10-11%-lik artım onu göstərir ki, istər əhali, istərsə də qeyri-əhali abunəçilərinin ödənişə cəlb edilməsi, maarifləndirmə işləri müsbət bəhrəsini verib.

- Artıq 3 ilə yaxındır ki, “Azərişıq” ASC yaranıb, amma ölkənin bir çox regionlarında hələ də elektrik enerjisi verilişində problemlər var. Ümumiyyətlə, bu problemlər tamamilə nə zaman aradan qaldırıla bilər?

- “Azərişıq” fəaliyyətə başladığı dövrdə analiz etdiyi şəbəkə üzrə master-plan hazırladı və həmin plan 11 aprel 2016-cı il tarixində hökumət başçısı tərəfindən təsdiq edilib. Həmin master-planda şəbəkənin tam şəkildə reabilitasiyası və normal şəklə gətirilməsi nəzərdə tutulub.

"Azərişıq" ASC-nin öz daxili imkanları hesabına son 2,5 il ərzində 23 ədəd 110 kV-luq yarımstansiyalar, 76 ədəd 35 kV-luq yarımstansiyalar, 3 000-ə qədər yeni KTM quraşdırılıb. Amma görəcəyimiz işlər daha çoxdur. Biz şəbəkəni təhvil götürəndən sonra elektrik enerjisinin verilməsi dəfələrlə yaxşılaşıb.

- Borclarla bağlı danışdıq. Bəs şəbəkədə itkilərlə bağlı nə deyə bilərsiniz? Bəzən məlumatlar yayılır ki, bu itkilər 15-20% civarındadır. Sizcə, yayılan bu məlumatlar nə qədər doğrudur?

- Elektrik şəbəkəsini təhvil götürəndə texniki itkilər illik 14-15% civarında idi. 2015-ci ildə bu, 13,7%, 2016-cı ildə 10%, 2017-ci ildə isə 9,9%-ə enib. Bakı şəhəri üzrə enerji itkisi 17%-dən 7,8%-ə çatdırılıb. Enerji itkilərinin qısa zaman çərçivəsində bu qədər aşağı düşməsi görülən işlərin nəticəsidir. Düşünürəm ki, gələcəkdə investisiya qoyuluşu və güclərin düzgün paylaşdırılması (simmetrikləşdirilməsi) nəticəsində itkiləri daha da azaldacağıq.

Son xəbərlər

Orphus sistemi