May ayının 7-də saat 11:00-dan 16:00-dək “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuranın yaradılmasına dair seçkilərin ikinci mərhələsi keçirilir.
"Report" xəbər verir ki, aprel ayının 30-da keçirilən seçki prosesində namizədlərin heç biri ümumi seçicilərin 50 % səsini toplaya bilməyib. Ona görə də müvafiq Seçki Komissiyası ikinci mərhələyə dair qərar qəbul edib. Artıq ikinci turda namizədlər arasından İctimai Şuraya üzvlər səs çoxluğu sıralaması ilə seçiləcəklər. Yəni 17 namizəddən daha çox səs toplayan 11 nəfəri İctimai Şuraya üzv seçiləcək.
Qeyd edək ki, seçki prosesinə 2021-ci ilin fevral ayının 16-dan başlanılıb. İctimai Şuraya üzv olmaq istəyən namizədlərin qeydiyyatı mart ayının 19-dək davam edib.
Sonrakı mərhələdə səsvermə prosesində təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin qeydiyyatı aparılıb və hazırda 71 nəfər səsvermə hüququ əldə edib.
“Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuraya seçkilərin şəffaflığının bütün ictimaiyyətə təqdim edilməsi məqsədi ilə birinci mərhələdə olduğu kimi bu dəfə də seçki prosesini “Facebook” sosial şəbəkəsi üzərindən birbaşa yayımla geniş auditoriya izləyə biləcək.