Bakı. 17 oktyabr. REPORT.AZ/ Səyyar ASAN xidmət çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 19 oktyabr - 2 noyabr tarixlərində Tovuz (Qovlar) rayonunda səyyar formada xidmətlər həyata keçiriləcək.
“Report”un “Azəriqaz”a istinadən verdiyi xəbərə görə, xüsusi tərtibatla hazırlanmış Səyyar ASAN qatar vasitəsilə abonentlərə tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin ediləcək.
İstehlakçılar bu layihə çərçivəsində müqavilələrin bağlanması, sayğac zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi də daxil olmaqla ümumilikdə 20 növ xidmətdən yararlana bilərlər.
Səyyar ASAN xidmətin həyata keçirilməsində əsas məqsəd “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xidmətlərin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, abonentlər üçün əlçatanlığın təmin edilməsi və istehlakçı məmnunluğuna nail olunmasıdır.