"Azəriqaz": Kərkicahanda artıq 40 fərdi yaşayış evi qazlaşdırılıb
- 19 dekabr, 2025
- 13:18
Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində qazlaşdırma işlərinə başlayıb.
"Report"un Xankəndi şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Qarabağ Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Qiyas Abdullayev "Azəriqaz" tərəfindən təşkil olunmuş mediatur çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, qəsəbədə ilkin mərhələdə 40 fərdi yaşayış evi qazlaşdırılıb: "Ərazidə yenidənqurma işləri aparılıb. Bərpa işləri çərçivəsində qaz təsərrüfatı da yenidən qurulub, yerüstü xətlər yeraltı xətlərlə əvəz edilib".
Q. Abdullayev qeyd edib ki, ümumilikdə 500 metr polietilen qaz xətti çəkilib: "Hazırda ilkin mərhələdə 30, növbəti mərhələdə isə 10 ev qazlaşdırılaraq sayğaclarla təmin edilib. Qəsəbə ərazisində qazlaşdırılan bütün evlər smart-kartlı sayğaclarla təchiz olunub".