Azərbaycanın karbamid ixracından gəliri açıqlanıb
- 24 iyun, 2023
- 09:48
Bu ilin yanvar-may aylarında Azərbaycan 30,4 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayında bildirilir.
Bu, 2022-ci ilin 5 ayının göstəricisi ilə müqayisədə 53,7 milyon ABŞ dolları və ya 2,8 dəfə azdır.
Hesabat dövründə Azərbaycanın ümumi ixracı 16,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracı isə 1,5 milyard ABŞ dolları təşkil edib.
Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.