Azərbaycandan daha 4 ölkəyə sürtkü yağı ixracına başlanılıb
- 20 fevral, 2023
- 10:19
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ildə Azərbaycandan xaricə 37,239 milyon ABŞ dolları dəyərində 30 min 115 ton sürtkü yağı göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 49 %, kəmiyyət olaraq – 7 % çoxdur.
Azərbaycan Türkiyəyə 12,662 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5,1 % çoxdur) 11 min 915 ton (-17 %), Ukraynaya 6 milyon ABŞ dolları dəyərində (-15 %) 4 min 682 ton (-46 %), İraqa 3,457 milyon ABŞ dolları dəyərində (+3,5 dəfə) 2 min 295 ton (+3 dəfə), Gürcüstana 3,163 milyon ABŞ dolları dəyərində (+6 dəfə) 3 min 393 ton (+6,6 dəfə), Bosniya və Herseqovinaya 2,764 milyon ABŞ dolları dəyərində 2 min 097 ton məhsul satıb.
Azərbaycandan Albaniyaya (33 min ABŞ dolları dəyərində 20,1 ton), Almaniyaya (0,01 min ABŞ dolları dəyərində 0,01 ton), Birləşmiş Ərəb Əmirliklərinə (18,71 min ABŞ dolları dəyərində 21,26 ton), Bolqarıstana (607,8 min ABŞ dolları dəyərində 449,33 ton), Cənubi Aftrika Respublikasına (130 min ABŞ dolları dəyərində 65 ton) və Polşaya (1,128 milyon ABŞ dolları dəyərində 1 min ton) ixrac bərpa edilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Bosniya və Herseqovinaya, Danimarkaya (0,02 min ABŞ dolları dəyərində 0,01 ton), İspaniyaya (166,1 min ABŞ dolları dəyərində 119,4 ton) və Seneqala (0,44 min ABŞ dolları dəyərində 0,04 ton) tədarük həyata keçirilib.
Hesabat dövründə Azərbaycana 131,96 milyon ABŞ dolları dəyərində (+52 %) 66 min 615 ton (+65 %) sürtkü yağı idxal edilib.
Türkiyədən 35,191 milyon ABŞ dolları dəyərində (+75,3 %) 12 min 909 ton (+55 %), Rusiyadan 33,158 milyon ABŞ dolları dəyərində (+77,3 %) 29 min 169 ton (+2,3 %), Almaniyadan 21,848 milyon ABŞ dolları dəyərində (+25 %) 5 min 667 ton (+16 %), Belçikadan 6,658 milyon ABŞ dolları dəyərində (+20 %) 2 min 024 ton (+7,2 %), Türkmənistandan 5,4 milyon ABŞ dolları dəyərində (+3,5 dəfə) 6 min 577 ton (+3,9 dəfə) məhsul gətirilib.