Azərbaycanda ötən il neft hasilatının həcmi açıqlanıb
- 15 yanvar, 2025
- 08:09
Ötən il Azərbaycanda 29,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü il üzrə açıqladığı operativ məlumatlarında deyilir.
Bildirilib ki, bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,1 milyon ton və ya 3,6 % azdır.
Bildirilir ki, 2024-cü ildə respublika üzrə neft hasilatının 16,8 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun payına düşüb. Bu, 2023-cü illə müqayisədə 1 milyon ton və ya 5,6 % azdır.
“Şahdəniz” yatağından 4,2 milyon ton kondensat hasil edilib. Bu isə 2023-cü ilin hasilat göstəricisi ilə müqayisədə 0,1 milyon və ya 2,3 % azdır. “Abşeron” yatağından 0,6 milyon ton qaz kondensatı hasil edilib ki, bu da illik müqayisədə 0,3 min ton və ya 2 dəfə çoxdur.
2024-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 7,5 milyon ton təşkil edib ki, bu da daha əvvəlki illə müqayisədə 0,3 milyon ton və ya 3,8 % azdır.
Qeyd edək ki, "Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir.
Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.