Azərbaycanda istilik tarifləri dəyişdirilib

Energetika
  • 30 iyul, 2025
  • 14:33
Azərbaycanda istilik tarifləri dəyişdirilib

Tarif (Qiymət) Şurası “Azəristiliktəchizat” ASC-nin göstərdiyi xidmətin tarifinin tənzimlənməsi barədə” 29 dekabr 2024-cü il tarixli qərarında dəyişiklik edib.

"Report" xəbər verir ki, qərarı Şuranın sədri Mikayıl Cabbarov imzalayıb.

Qərara əsasən, əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi 1 Qkal üçün ƏDV daxil olmaqla 14,6 manatdan 21 manata, sayğac quraşdırılmadığı halda isə aylıq 1 m2 üçün ƏDV daxil olmaqla 0,3 manatdan 0,45 manata çatdırılıb.

"Hazırda əhaliyə göstərilən istilik təchizatı xidmətinin maya dəyəri 1 m² sahə üçün aylıq 1,1 manat təşkil edir. Lakin bu sahə üzrə mövcud tarif maya dəyərindən bir neçə dəfə aşağıdır. Aradakı qiymət fərqi dövlət büdcəsindən ayrılan subsidiya hesabına qarşılanır. Hazırda alternativ isitmə variantlarından istifadə edən əhalinin 1 m² sahənin 1 aylıq xərci isitmə növlərindən asılı olaraq, 1 manata qədər dəyişir. Odur ki, əhaliyə göstərilən istilik təchizatı xidmətinə görə yumşaq tarif siyasəti həyata keçirilməklə optimal tarifin müəyyənləşdirilməsi qərara alınıb. Bu tarif tənzimləməsi “Azəristiliktəchizat”ın dövlət büdcəsindən asılılığının azalmasına, xidmətin keyfiyyətinin yüksəldilməsinə və dayanıqlığının təmin edilməsinə şərait yaradacaq.

Yeni tarif müəyyənləşdirilərkən istehlakçıların və istehsalçıların maraqlarının uzlaşdırılması, istehlakçıların alıcılıq qabiliyyəti, istehsal və xidmət şərtləri, alternativ isitmə sistemlərinin mövcudluğu, enerji resursların daha səmərəli istifadə imkanları, qiymət amilinin istiqamətləndirici və məhdudlaşdırıcı təsirindən istifadə kimi əsas prinsipləri nəzərə alınıb", - deyə məlumatda qeyd olunub.

Qərar Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli qərarına uyğun olaraq, dağ rayonlarında 2025-ci il 1 noyabr, digər ərazilərdə isə 2025-ci il 15 noyabr tarixindən tətbiq ediləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti