Azərbaycanda bu il neft hasilatının həcmi açıqlanıb

Energetika
  • 13 mart, 2025
  • 14:39
Azərbaycanda bu il neft hasilatının həcmi açıqlanıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 4,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin açıqladığı operativ məlumatlarında deyilir. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,3 milyon ton və ya 6,25 % azdır.

Respublika üzrə neft hasilatının 2,6 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun payına düşüb. Bu, 2024-cü ilin ilk iki ayı ilə müqayisədə 0,1 milyon ton və ya 3,7 % azdır.

“Şahdəniz” yatağından 0,6 milyon ton kondensat hasil edilib. Bu isə ötən ilin yanvar-fevral aylarının hasilat göstəricisi ilə müqayisədə 0,1 milyon ton və ya 14,3 % azdır.

“Abşeron” yatağından 0,1 min ton qaz kondensatı hasil edilib ki, bu da illik müqayisədə 400 min ton və ya 4,2 % çoxdur.

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) xətti ilə neft (kondensatla birlikdə) hasilatı 1,2 milyon ton təşkil edib ki, bu da daha əvvəlki ilin iki ayı ilə müqayisədə 0,1 milyon ton və ya 7,7 % azdır.

Qeyd edək ki, Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

"Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir.