Azərbaycanda 4 ayda neft hasilatı 8 % azalıb

Energetika
  • 12 may, 2023
  • 09:36
Azərbaycanda 4 ayda neft hasilatı 8 % azalıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 10,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

"Report" xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 4 ayı üzrə operativ məlumatlarında deyilir.

Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,9 milyon ton və ya 8,1 % azdır.

Bildirilir ki, respublika üzrə neft hasilatının 6,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,5 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 2,5 milyon ton təşkil edib.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda təbii qaz hasilatı 47,2 milyard kubmetr, ixracı isə 24,5 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır.

Xatırladaq ki, “Şahdəniz” yatağı 1 trilyon kubmetrdən çox qaz və 2 milyard barel kondensat ehtiyatı ilə dünyanın ən böyük yataqlarından biridir.

“Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

AÇG blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

Son xəbərlər

Bütün Xəbər Lenti