Azərbaycan və Pakistan yanacaq-sürtkü materiallarının tədarükünə dair saziş imzalayacaq
- 05 noyabr, 2024
- 07:20
Pakistan Nazirlər Kabinetinin İqtisadi Koordinasiya Komitəsi (ECC) “Pakistan State Oil” şirkəti (PSO) ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında yanacaq-sürtkü materiallarının tədarükü üzrə alqı-satqı Sazişinin imzalanmasını təsdiqləyib.
Bu barədə “Report” Pakistan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir.
Müvafiq qərar komitənin noyabrın 4-də Pakistan maliyyə və gəlirlər naziri Məhəmməd Auranqzebin sədrliyi ilə keçirilən iclasında qəbul edilib.
"İclas zamanı Pakistan Energetika Nazirliyi PSO ilə SOCAR arasında yanacaq-sürtkü materiallarının tədarükü üzrə alqı-satqı Sazişinin layihəsinin təsdiqlənməsi üçün xülasə təqdim edib. Komitə bu sazişin imzalanmasını təsdiqləyib", - məlumatda qeyd olunub.
Sazişin təfərrüatları açıqlanmır.
Xatırladaq ki, neft sektorunda SOCAR və “Pakistan LNG Limited” (PLL) Pakistana mayeləşdirilmiş təbii qaz tədarükünə dair Çərçivə Sazişi çərçivəsində əməkdaşlıq edir.