Azərbaycan qazının 7 ayda İtaliyaya tədarükü 6 %-dən çox artıb
- 01 oktyabr, 2024
- 12:04
Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan İtaliyaya qaz nəqli bu ilin yanvar-iyul aylarında 6,075 milyard kubmetr təşkil edib.
“Report” bu barədə İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinə istinadən xəbər verir.
Bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,4 % çoxdur.
Ümumilikdə, bu ilin yanvar-iyul aylarında İtaliya 35,273 milyard kubmetr təbii qaz idxal edib ki, bu da bir il əvvəlki göstəricidən 4,3 % azdır. Bu müddət ərzində Azərbaycan qazının payı 17,2 % təşkil edib.
Qurumdan bildirilib ki, bu ilin iyul ayında Azərbaycan qazının İtaliyaya tədarükü 905 milyon kubmetr (ötən ilin iyul ayı ilə müqayisədə artım 12,2 %) təşkil edib.
İyulda İtaliyaya ümumi təbii qaz idxalı 4,201 milyard kubmetr (1,8 % az) təşkil edib. Azərbaycandan gələn qazın payı 21,5 % təşkil edib.
Nazirliyin məlumatına görə, ötən il İtaliya Azərbaycandan TAP vasitəsilə 9,988 milyard kubmetr qaz (2022-ci ilin səviyyəsi ilə müqayisədə 3,2 % az) alıb. 2024-cü ildə Azərbaycan İtaliyaya 9,6 milyard kubmetr qaz tədarük etməyi planlaşdırır.
Xatırladaq ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb.