Azərbaycan ötən il ixrac etdiyi neftin həcmini açıqlayıb
- 15 yanvar, 2025
- 08:30
Ötən il Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neft ixracı 2,8 milyon ton təşkil edib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü il üzrə açıqladığı operativ məlumatlarında deyilir.
Bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə 0,3 milyon və ya 9,7 % azdır.
Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə 24,4 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bu, 2023-cü illə müqayisədə 0,8 milyon ton və ya 3,2 % azdır.
Ötən il konsorsium 21 milyon ton neft ixrac edib. Bu, 2023-cü illə müqayisədə 1,1 milyon ton və ya 5 % azdır.
Azərbaycandan ixrac olunan neftin 0,6 milyon tonu “Abşeron” yatağından hasil olunan "qara qızıl"ın payına düşüb.
Qeyd edək ki, Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub.
Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.