Azərbaycan neft tranzitinə dair planlarını fors majorsuz dəyişdirməyəcək
- 28 fevral, 2022
- 14:18
Azərbaycan 2022-ci ilin ikinci rübündə Bakı-Novorossiysk boru kəmərilə neft nəqli ilə bağlı Rusiyanın “Transneft” şirkəti ilə razılaşmalara dair öhdəliklərini təsdiq edib, baxmayaraq ki, gəmi sahibləri Qara dənizdə bu limana girişlə bağlı ehtiyatlanırlar.
“Report” hökumətdəki mötəbər mənbələrinə istinadən xəbər verir ki, bu narahatlıq hazırda dünya neft emalı müəssisələri tərəfindən “Urals” markalı neft satınalmalarının azalması və həmin neftin “Brent” markalı neftinə nisbətən kotirovkaların enməsi ilə bağlıdır.
“Hələlik Novorossiysk limanından neft əvvəlki cədvələ uyğun olaraq yola salınır. 2022-ci ilin ikinci rübündə Bakı-Novorossiysk boru kəməri vasitəsilə 340 min ton neft nəqli üçün əlimizdə müraciət var. Birinci rübdə 320 min tonluq müraciət vardı. Bu öhdəliklər yalnız fors major halı yarandıqda dəyişdirilə bilər ki, hazırda belə bir vəziyyət yoxdur” – deyə mənbə bildirib.
Bundan əvvəl “S&P Global Platts” və Qərbin digər analitik mərkəzləri xəbər veriblər ki, Avropa və Asiya neft emalı zavodları “Urals” markalı nefti ya almaqdan imtina edir, ya da xeyli ucuz qiymətə alır. Həmçinin Rusiyaya qarşı beynəlxalq sanksiyalara görə bir çox gəmiçilik şirkətləri həmin ölkənin Qara və ya Baltik dənizlərdəki limanlarına daxil ola biləcəklərinə əmin deyillər.
Ötən həftənin sonunda “Urals” markalı Rusiya nefti “Dated Brent”ə nisbətən tarixdəki ən aşağı həddə geriləyib, diferensialı da gündə 4,35 ABŞ dolları azalıb.
Baltik dənizində yüklənən “CIF Rotterdam Urals” markalı nefti “Brent”dən 11,23 ABŞ dolları, “CIF Augusta” isə 10,93 ABŞ dolları aşağı qiymətləndirib.
Fevtalın 28-də gərfinlik artıb, çünki Avropa İttifaqının Rusiyaya qarşı üçüncü sanksiyalar zərfi qüvvəyə minib. Bu tədbirlər arasında Rusiyanın iri banklarının SWIFT ödəniş sistemindən ayrılmasını və Rusiya Mərkəzi Bankına qarşı valyuta əməliyyatlarına dair məhdudiyyətləri nəzərdə tutur. Nəticədə neft 103 dollaradək bahalaşıb, Rusiya rubləsinin məzənnəsi isə 30 faizədək azalıb.
“Reuters” xəbər verir ki, gərginliyin artması ilə dünyanın ikinci neft ixracatçı ölkəsindən tədarükün pozula biləcəyinə dair narahatlıqlar daha da artıb. Nəticədə “Brent” markalı neftin hər bir barel üçün fyüçersləri 102-103 ABŞ dolları həddini keçib, WTI markalı neft isə 97 dollara yaxınlaşıb.
Hazırda dünyanın bir çox bankları “Urals” markalı neftlə alış-veriş üçün akreditiv açmır.
Azərbaycan Dövlət neft Şirkətindəki (SOCAR) mənbəyə görə, “Urals” marka altında da olsa, dünya bazarına çıxarılan Azərbaycan mənşəli neft sanksiyalara məruz qalmır və qalmayacaq.
Bununla belə, “S&P Global Platts”ın xəbərinə görə, mövcud gərgin vəziyyət nəticəsində Qara və Aralıq dənizlərindəki limanlardan göndərilən “Urals” markalı neftlə yanaşı Rusiyanın Novorossiysk limanından göndərilən Rusiyanın “Siberian Light” və Qazaxıstanın “CPC Blend” markalı neftlərin də qiymətləri azalıb.
Bu nəçrin məlumatına görə, həmçinin Asiya neft emalı zavodlarının da Qara dənizdən yükdaşımalarla bağlı logistika risklərini təkrar dəyərləndirdikləri də bildirilir.
Maraqlıdır ki, İzmir yaxınlığında yerləşən SOCAR-a məxsus “Star” neft emalı zavodu fevralda “Urals” neftini almayıb, zavod əsasən Qazaxıstanın “CPC Blend” və İraqın “Basrah Light” markalı neft emal edib.
Sonuncu dəfə “Urals” bu zavoda yanvarda yola salınıb və mart ayı üçün alışın olub-olmayacağı hələ məlum deyil.
L.E.