Azərbaycan neft koksu ixracını 2 dəfədən çox artırıb
- 14 iyul, 2023
- 06:58
Bu ilin ilk 6 ayı ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 157 min 143,7 ton neft koksu ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neft koksunun dəyəri 45 milyon 445,4 min ABŞ dolları təşkil edib.
Bu, 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə müvafiq olaraq 2,3 dəfə və 3,5 dəfə çoxdur.
Neft koksunun ölkənin ümumi ixracındakı payı 0,25 % olub.
Qeyd edək ki, yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 26 milyard 166 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 17 milyard 968 milyon ABŞ dolları ixracın, 8 milyard 198 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.