Azərbaycan metanol ixracını 34%-dək azaldıb
- 03 noyabr, 2020
- 09:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin sentyabr ayında Azərbaycan 5,3 milyon ABŞ dolları dəyərində metanol ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin oktyabr sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 0,1 milyon ABŞ dolları və yaxud 1,8% azdır.
2020-ci ilin yanvar-sentyabr aylarında isə Azərbaycandan xarici ölkələrə 35,4 milyon ABŞ dolları dəyərində metanol ixrac olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 18,1 milyon ABŞ dollar və yaxud 33,8% azdır.
Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir.
Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.