Azərbaycan “LUKoil”un Bolqarıstandakı neft emalı zavodunu almağı nəzərdən keçirir
- 25 dekabr, 2023
- 08:54
Bakı konkret təklif daxil olarsa, Bolqarıstanda “LUKoil Neftochim Burgas” neft emalı zavodunun alınması variantını nəzərdən keçirməyə hazırdır.
"Report" "Euronews Bulgaria"ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Sofiyadakı səfiri Hüseyn Hüseynov deyib.
“Əgər Burqasdakı neft emalı zavodunun alınması təklifi daxil olsa, o zaman Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və hökumətimiz bu məsələyə nəzər yetirməyə hazırdır”, - o bildirib.
Diplomat əlavə edib ki, konkret müzakirə üçün təklif olmalıdır, lakin "hələ heçnə yoxdur".
Vurğulayaq ki, “LUKoil” 1999-cu ilin oktyabrında Bolqarıstanda fəaliyyətə başlayıb və 8,8 milyon ton gücü olan Burqasdakı neft emalı zavodunun nəzarət paketinin sahibi olub. Şirkət həmçinin ölkədə 500-dən çox yanacaqdoldurma məntəqəsi şəbəkəsini idarə edir.
Qeyd edək ki, dekabrın 5-də Rusiya şirkəti Bolqarıstandakı aktivlərlə bağlı strategiyasını nəzərdən keçirəcəyini və ölkədəki biznesini satmaq imkanlarını təhlil edəcəyini açıqlayıb. Buraya Burqasdakı neft emalı zavodu, 220 yanacaqdoldurma məntəqəsi şəbəkəsi, 9 neft bazası və s. daxildir.
Xatırladaq ki, Bolqarıstan parlamenti 2023-cü ilin sentyabrında Rusiya neftinin idxalının tədricən dayandırılmasını təsdiqləyib. Bolqarıstan və bir sıra digər Aİ ölkələri 2024-cü ilin sonuna qədər Rusiya neftinin idxalına qoyulan qadağadan azaddır. Lakin bu ölkənin deputatları 2023-cu ilin sonuna kimi “LUKoil”un neft emalı zavodunda Rusiya istehsalı olan xammalın istifadəsinin 80 %-ə qədər məhdudlaşdırılmasına və növbəti ilin oktyabrına qədər ondan tamamilə imtina edilməsinə səs veriblər. Mart ayından isə zavodda Rusiya neftinin emalına qadağa qoyulacaq. Bundan başqa, rəsmi Sofiya həmçinin neft emalı zavodunun mənfəət vergisini 60 %-ə qədər artırıb.
Bundan əlavə, Rusiya istehsalı olmayan neft növlərini emal edə bilmək üçün bu zavodun təxminən 500 milyon avro məbləğində modernləşdirilməsi tələb olunur.