Azərbaycan Dünya Bankı ilə dənizdə külək enerjisini müzakirə edib - YENİLƏNİB

Azərbaycan Dünya Bankı ilə dənizdə külək enerjisini müzakirə edib - YENİLƏNİB Bankla dənizdə külək enerjisinin inkişafı, yaşıl enerji dəhlizləri, nasoslu hidroenerji anbarları və digər perspektiv layihələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub
Energetika
2 aprel 2025 18:05
Azərbaycan Dünya Bankı ilə dənizdə külək enerjisini müzakirə edib - YENİLƏNİB

Dünya Bankı tərəfindən Azərbaycanda ötürücü şəbəkənin gücləndirilməsi (AZURE) layihəsinə 173,5 milyon ABŞ dolları məbləğində kreditin ayrılması bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasına töhfə verəcək.

“Report” Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında iştirak məqsədilə Bakıda səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə bildirilib.

Görüşdə Dünya Bankı ilə enerji sahəsində əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edilib.

Bildirilib ki, ölkənin enerji sisteminə 2027-ci ilə qədər 2 QVt-dan çox, növbəti mərhələdə isə təxminən 700 MVt “yaşıl enerji” güclərinin inteqrasiyası planlaşdırılır.

Müzakirələr zamanı şəbəkənin gücləndirilməsi və bərpa olunan enerjinin tədarük layihələri üzrə əməkdaşlığa dair məsələlər nəzərdən keçirilib. Azərbaycandan və Mərkəzi Asiyadan Avropaya müxtəlif interkonnektorlarla enerji ixracı üzrə hazırda reallaşdırılan təşəbbüslərin icra vəziyyətindən bəhs edilib. Bu layihələrin Avropanın enerji təhlükəsizliyinin təminatında gələcək rolu vurğulanıb.

Görüşdə, həmçinin Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə dənizdə külək enerjisindən istifadə sahəsində əməkdaşlıq çərçivəsində hazırlanan Yol Xəritəsinə toxunulub və hazırda enerji şirkətləri ilə həyata keçirilən tədbirlərdən danışılıb.

Söhbət zamanı Bankla nasoslu hidroenerji anbarları və digər perspektiv layihələr üzrə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi də aparılıb.

17:26

Azərbaycan Dünya Bankı ilə dənizdə külək enerjisinin inkişafını müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, P. Şahbazov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə ötürücü şəbəkənin gücləndirilməsi (AZURE) layihəsinə göstərilən dəstək bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasında mühüm addım kimi qiymətləndirilib.

Bankla dənizdə külək enerjisinin inkişafı, yaşıl enerji dəhlizləri, nasoslu hidroenerji anbarları və digər perspektiv layihələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

Orphus sistemi