Azərbaycan bu il polipropilen ixracını 25 %-ə yaxın azaldıb
- 20 may, 2025
- 17:09
Bu ilin yanvar-aprel aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 14 min 944,3 ton ilkin formalarda polipropilen ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 17 milyon 899,2 min ABŞ dolları təşkil edib.
Bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 24,8 % və 15,4 % azdır.
Polipropilen qeyri-neft sektoru üzrə ixracda payı 1,67 %, ölkənin ümumi ixracındakı payı isə 0,2 % olub.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,5 %, idxal isə 48,8 % artıb.
Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.