ARDNF “Şahdəniz”dən gəlirlərini bir ildə 15 dəfə artırıb
- 05 avqust, 2022
- 12:20
Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından 1 milyard 072 milyon ABŞ dolları həcmində gəlir əldə edib.
Bu barədə "Report"a Fonddan məlumat verilib.
Bildirilir ki, bu, 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 1 milyard 001,02 milyon ABŞ dolları və ya 15,1 dəfə çoxdur.
Xatırladaq ki, 2021-ci ilin 7 ayında ARDNF-in “Şahdəniz” yatağı üzrə əldə etdiyi gəlirin həcmi 70,978 milyon ABŞ dolları təşkil edib.
Bu ilin 7 ayı ərzində Dövlət Neft Fonduna daxil olan vəsaitlərin 252,725 milyon ABŞ dolları kondensatın payına düşüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 195,594 milyon ABŞ dolları və ya 4,42 dəfə çoxdur.
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.
“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lkoil” (19,99 %), TPAO (19 %), SOCAR (14,35 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (6,67 %).