Anar Məmmədov: "TANAP cari kəsirin örtülməsinə yardım edəcək"

Anar Məmmədov: "TANAP cari kəsirin örtülməsinə yardım edəcək" Bu il neftin qiyməti 50-60 dollar/barel diapazonunda qalacaq
Energetika
30 Mart , 2017 13:44
Anar Məmmədov: TANAP cari kəsirin örtülməsinə yardım edəcək
Report.az

Bakı. 30 mart. REPORT.AZ/ Azərbaycan qazını Türkiyəyə və buradan Avropaya nəql edəcək Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi Türkiyədəki cari kəsirin örtülməsinə yardım edəcək və bu ölkənin təbii qaz təhlükəsizliyini təmin edəcək.

“Report” xəbər verir ki, bunu “Petkim Holding”in baş direktoru Anar Məmmədov “Anadolu” agentliyinə müsahibəsində bildirib.

O, TANAP-ın 2018-ci ildə istismara verilərək (Əskişəhərə qədər hissə) Türkiyəyə ilk qazın gəlməyə (“Şahdəniz-2” üzrə) başlayacağını qeyd edib.

“Petkim”in rəhbəri SOCAR-ın hazırda Türkiyənin ən böyük xarici investoru olduğunu və Türkiyə iqtisadiyyatına inandıqlarını bildirib: “Türkiyədə özümüzü yad kimi hiss etmirik. Türkiyə çox yaxın və qardaş ölkədir. SOCAR beynəlxalq şirkət olaraq dünyanın bir çox ölkəsinə sərmayələr yatırır, ancaq bu investisiyaların ən böyük həcmi Türkiyəyə yatırılıb”.

A.Məmmədov Türkiyədəki layihələrə 18 mlrd. dollar sərmayə yatırılmasının nəzərdə tutulduğunu, indiyədək 11 mlrd. dolların sərf olunduğunu bildirib. O xatırladıb ki, bütün layihələr üzrə işlərin 2020-ci ildə tamamlanması planlaşdırılır.

“Petkim”in rəhbəri İzmirdə inşası davam etdirilən "STAR" neft emalı zavodundan da danışaraq bildirib ki, zavod 2018-ci ildə istismara veriləcək.

O, Petlim Konteyner Limanının da önəmindəın danışaraq qeyd edib ki, bu liman daha böyük tonlu gəmilərin Egey bölgəsinə gəlməsinə imkan verir ki, bu da daşıma xərclərini azaldacaq.

A.Məmmədov bu və digər layihələrin Türkiyə iqtisadiyyatının cari kəsirinin örtülməsinə kömək edəcəyini vurğulayıb. O, təkcə "STAR"-ın bu kəsirin bağlanmasına 3,5% miqdarında dəstək olacağını əlavə edib.

O, bazardakı stabilliyin önəmindən danışaraq bildirib ki, ötən il neft qiymətləri və məzənnədəki dalğalanmalar səbəbindən sıxıntılar yaşanıb, ancaq bu vəziyyət hazırda normallaşmağa başlayıb. A.Məmmədov bu il daha çox stabillik olacağına inandığını bildirib. O, bu il neftin qiymətinin 50-60 dollar/barel diapazonunda olacağını hesab edir.

Son xəbərlər

Orphus sistemi