Almaniyanın enerji şirkətləri rəhbərləri Azərbaycana işgüzar səfər edə bilər

Energetika
  • 18 iyun, 2020
  • 05:22
Almaniyanın enerji şirkətləri rəhbərləri Azərbaycana işgüzar səfər edə bilər

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniqi qəbul edib.

“Report” bu barədə SOCAR-a istinadən xəbər verir. 

Məlumata görə, R.Abdullayev hazırkı qlobal pandemiya dövründə Azərbaycanın neft-qaz, neft kimya sənayesində işlərin gedişi haqqında danışıb, Azərbaycan-Almaniya münasibətlərinin inkişafında enerji sahəsində əməkdaşlığın mühüm rol oynadığını qeyd edib.

V.Maniq isə Almaniya-Azərbaycan iqtisadi əməkdaşlığından söz açaraq, SOCAR və Almaniyanın enerji şirkətləri, xüsusilə də “Uniper” (E.ON) şirkəti arasında uzunmüddətli, səmərəli əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb. SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələrin reallaşmasında Almaniya şirkətlərinin rolunu qeyd edən səfir ölkəsindəki bir sıra şirkətlərin reallaşdırlması nəzərdə tutulan SOCAR-ın qaz emalı kompleksi layihəsinə xüsusi maraq göstərdiklərini bildirib, COVİD-19 pandemiyası başa çatdıqdan sonra həmin şirkətlərin rəhbərlərinin Azərbaycana işgüzar səfərinin təşkil edilməsində maraqlı olduqlarını söyləyib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.