ADA Universiteti XI Bakı Yay Enerji Məktəbi keçirir

ADA Universiteti XI Bakı Yay Enerji Məktəbi keçirir Bakı Yay Enerji Məktəbi ali təhsil ocağının həyata keçirdiyi ilk təlim proqramlarından biridir
Energetika
10 İyul , 2017 17:27
ADA Universiteti XI Bakı Yay Enerji Məktəbi keçirir

Bakı. 10 iyul. REPORT.AZ/ ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi SOCAR, BP və "ExxonMobil" şirkətlərinin dəstəyi ilə iyulun 9-21-də XI Bakı Yay Enerji Məktəbinini keçirir. 

Bu barədə “Report”a univesitetin mətbuat xidmətindən məlumat verilib.

Məluamtda deyilir ki, Bakı Yay Enerji Məktəbi ali təhsil ocağının həyata keçirdiyi ilk təlim proqramlarından biridir.

Təlim proqramının məqsədi Azərbaycanın qlobal səhnədə mahiyyəti və yerini tanıtdırmaq, bölgənin enerji sənayesi barədə biliyi olan ekspertlərin sayını artırmaqdır. ADA Universitetinin artıq brend proqramına çevrilən Bakı Yay Enerji Məktəbi bu il 14 ölkədən tələbə və müəllim heyətini cəlb edib. İki həftə ərzində məktəb iştirakçıları Azərbaycanın və Xəzəryanı dövlətlərin enerji siyasəti və tədbiqi ilə bağlı yüksək səviyyəli rəsmilər və nüfüzlu təhlilçilərdən ibarət ekspert qrupunun mühazirələrini dinləyəcək, enerji sahəsində fundamental anlayışlar və terminlər, hüquqi baza, neft və qaz hasilatının Xəzəryanı bölgənin beynəlxalq münasibətlərinə, eləcə də ətraf mühitə təsiri, təbii resursların səmərəli idarəedilməsi kimi vacib mövzuları əhatə edəcək, əldə etdikləri biliklərini interaktiv məşğələlərdə istifadə edəcəklər. Təlim proqramı zamanı beynəlxalq dinləyici qrupu qarşısında Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağirov, Maliyyə Nazirinin müavini Emin Hüseynov, ARDNF-in icraçı direktoru Şahmar Mövsumov, SOCAR vitse-prezidentləri Xoşbəxt YusifzadəElşad Nəsirov çıxış edərək respublikamızın enerji strategiyasının prioritetləri barədə ətraflı məlumat verəcəklər.

Həmçinin, iki həftəlik proqramın sonunda məktəb iştirakçıları Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən sertifikatlarla təltif ediləcəklər. Mühazirələrlə yanaşı məktəb iştirakçıları həmçinin Sənqaçal Neft Terminalı, "Təmiz Şəhər" ASC-nin tullantıların yandırılması və çeşidlənməsi zavodları ilə tanış olacaq, Milli Tarix Muzeyi, Nobel Qardaşları Muzeyi, İçəri Şəhərə ekskursiyalarla Azərbaycanın neft tarixi barədə təsəvvür yaradacaq.

Son xəbərlər

Orphus sistemi