AÇG yatağında hasilat 500 milyon tona çatıb

AÇG yatağında hasilat 500 milyon tona çatıb Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda neft hasilatının həcmi 500 mln. tona çatdırılıb.
Energetika
10 Yanvar , 2020 09:33
AÇG yatağında hasilat 500 milyon tona çatıb

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda neft hasilatının həcmi 500 mln. tona çatdırılıb.

“Report” blokun operatoru BP şirkətinə istinadən xəbər verir ki, 2019-cu il dekabrın 26-da yataqdan 500 milyonuncu ton neft hasil edilib.

1997-ci ildən etibarən AÇG yatağından hasil edilmiş yarım milyard ton neft Bakı şəhəri yaxınlığında yerləşən Səngəçal terminalından Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri və Qərbi İxrac Boru Kəməri (QİBK) vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə birbaşa dünya bazarlarına nəql edilib.

BP-nin Azərbaycan Gürcüstan Türkiyə üzrə regional prezidenti Qəri Couns bildirib ki, bu nailiyyət Azərbaycanın yeni tarixində əlamətdar hadisə hesab edilən “Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümünə böyük töhfədir: “Operator olaraq biz ölkə və bütün AÇG tərəfdaşları üçün bu tarixi əhəmiyyət daşıyan bir ildə hasilatda əldə edilmiş bu nailiyyət ilə qürur duyuruq. Bu nailiyyətə töhfə vermiş hər kəsi təbrik edirəm və əməliyyatların təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsi öhdəliyinə davamlı olaraq sadiq qaldıqlarına görə əməliyyatlar qrupuna təşəkkürümü bildirirəm.

AÇG nəhəng yataqdır. Hasilatda bu cür böyük nailiyyət əldə etməklə, ölkə və öz səhmdarları üçün nəhəng gəlirlər gətirməklə, yerli icmalarda çoxsaylı davamlı inkişaf imkanları yaratmaqla AÇG həmçinin Xəzər regionunu aparıcı enerji hasilatı sahələrindən birinə çevirdi və dünyanın texnoloji cəhətdən ən qabaqcıl neft-qaz işlənmə regionlarından birinə çevrilməsinə imkan yaratdı. Operator kimi biz hökumət, SOCAR və digər tərəfdaşlarla sıx işləyərək növbəti otuz ildə də AÇG-nin ölkəyə töhfə verməsini təmin etməyə davam edəcəyik”.

Qeyd edək ki, ilkin olaraq AÇG üzrə hasilatın pay bölgüsü haqqında saziş (HPBS) 20 sentyabr 1994-cü il tarixində imzalanıb. 2017-ci ildə AÇG üzrə HPBS-in müddəti 2049-cu ilin sonunadək uzadılıb. İlk neft 7 noyabr 1997-ci il tarixində Çıraq yatağından hasil edilib.

Son xəbərlər

Orphus sistemi