AÇG-dən hasilat I rübdə 3 %-dən çox azalıb
- 01 may, 2025
- 12:58
Bu ilin yanvar-mart aylarında Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlar blokundan gündəlik orta hesabla 331 min barel və ya ümumilikdə təxminən 30 milyon barel, yəni 4 milyon ton neft hasil edilib.
“Report” xəbər verir ki, bu barədə blokun operatoru olan “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə yaydığı məlumatda qeyd edilib.
Rüb ərzində “Çıraq” platformasından 21 min barel, “Mərkəzi Azəri”dən - 87 min barel, “Qərbi Azəri”dən - 76 min barel, “Şərqi Azəri”dən - 43 min barel, “Dərinsulu Günəşli”dən - 54 min barel, “Qərbi Çıraq”dan - 25 min barel və “Şərqi-Mərkəzi-Azəri” – ACE platformasından - 25 min barel neft hasil edilib.
AÇG-dən hasilatın həcmi ötən ilin müvafiq dövründən 9 min barel və ya ümumilikdə təxminən 1 milyon barel (3,3 %) azdır.
Fevralın 18-i AÇG layihəsi “Mərkəzi Azəri” platformasından ilk neftin əldə olumasının 20 illiyini qeyd edib. Həmin vaxtdan platformadan ümumilikdə 1,1 milyard barrel (152 milyon ton) neft hasil edilib.
Rübün sonuna AÇG-də ümumilikdə 145 neft hasilatı quyusu, 44 su injektoru quyusu və 8 qaz injektoru quyusu istismarda olub.
Hesabat dövründə AÇG-də 2 neft hasilatı quyusu qazılmış və onlardan biri tamamlanıb. Bundan əlavə 1 qaz injektoru quyusu da qazılıb.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), MOL (9,57 %) INPEX (9,31 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,92 %) pay sahibidir.