Xəzər dənizindəki “Abşeron” qaz-kondensat yatağından 2024-cü ildə qaz hasilatının 1,5 milyard kubmetr olacağı gözlənilir.
Bu barədə "Report"a SOCAR-dan məlumat verilib.
“2024-cü ildə “Abşeron” yatağından 1,5 milyard kubmetr qaz və 523 min ton kondensat hasil ediləcəyi gözlənilir”, - şirkət qeyd edib.
Ümumilikdə, hasilat başlanandan və 2024-cü il mayın 1-nə olan məlumata görə, yataqda 1,2 milyard kubmetr qaz və 484 min ton kondensat hasil edilib.
Energetika Nazirliyinin məlumatına görə, 2023-cü ildə “Abşeron” yatağından 0,8 milyard kubmetr təbii qaz və 0,3 milyon ton kondensat hasil edilib. Belə ki, 2024-cü ildə bu yataqdan qaz hasilatı 87,5 %, kondensat hasilatı 74,3 % artacaq.
Qeyd edək ki, 10 iyul 2023-cü il tarixində “TotalEnergies” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Abşeron" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində qaz və kondensat hasilatına başladığını elan ediblər.
Hazırda hasilat "Abşeron" yatağından hasilatın birinci mərhələsi çərçivəsində aparılır. Qaz Azərbaycanın daxili bazarı üçün nəzərdə tutulub.
Xatırladaq ki, ilkin mərhələdə yataqdan ildə təxminən 1,5 milyard kubmetr, gələcəkdə isə 5 milyard kubmetr təbii qaz hasil ediləcək.
Qeyd edək ki, “Abşeron” yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində “Şahdəniz” yatağından sonra ikinci ən böyük qaz yatağıdır.